Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
Medeniyyet
Oxunub: 22
13 okt 2026 | 09:34
Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar


Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın Vətən müharibəsində qəhrəmanlığına həsr olunan “44” bədii filminin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təqdimatda dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də, filmin yaradıcı və aktyor heyəti iştirak ediblər.

Filmin nümayişindən əvvəl tədbirə qatılan qonaqlar və ekran əsərində rol alan aktyorlar təəssüratlarını jurnalistlərlə bölüşüblər.

Aktyor Türkay Cəfərli də “44” bədii filmindəki rolu və layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, uzun müddətdir Azərbaycan kinosunda bu miqyasda və mövzuda filmin çəkilmədiyini qeyd edib: “Obrazım haqqında çox açıq danışmaq istəmirəm. Filmdə komandirlərdən birini canlandırıram. Bu layihəni fərqləndirən onun janrı, mövzusu və üzərimizə düşən məsuliyyətdir. Çoxdandır Azərbaycan kinosunda bu ağırlıqda, bu səpgidə film çəkilməmişdi. Qarabağ bizim üçün ən həssas mövzulardan biridir. Bu film vasitəsilə Qarabağ həqiqətlərini, bütövlükdə yaşananları tamaşaçılara çatdıra biləcəyik. Orada hər şəhidin, hər qazinin həyatı ayrıca bir filmə bərabərdir. Ümid edirəm ki, hər kəs bu filmə baxacaq və ekran əsəri tamaşaçıların qəlbini fəth edəcək”.

Filmdə baş qəhrəmanı canlandıran İbrahim Çingizin həyat yoldaşı, aktrisa Aydan Axundova da ekran əsəri ilə bağlı fikirlərini bölüşüb: “Çəkiliş müddətində İbrahim bizdən uzaqda qaldı. Çətin və əziyyətli iş olsa da, eyni zamanda qürurvericidir. Filmi izləməyə gəlmişəm, həyəcanlıyam. Çox məsuliyyətli bir işdir”.

İbrahim Çingizin atası, Əməkdar artist Çingiz Əhmədov da təqdimatdan öncə bildirib ki, belə filmlərin davamlı olmasını arzulayır və davamlı olacağına inanır: “Çox həyəcanlıyam. Oğlumla qürur duyuram. Çoxdan idi belə bir filmin çəkilməsini gözləyirdik. Nəhayət, o gün gəlib çatdı. Filmin çəkilişlərinin azad olunmuş torpaqlarımızda aparılması da çox önəmlidir”.

“44” filmində erməni obrazını canlandıran aktyor Mahir Dərviş də ekran əsəri ilə bağlı fikirlərini bölüşüb. O, layihənin Zəfərə gedən yolun ətraflı şəkildə təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb: “Yeniyetmə yaşımdan filmlərə çəkilsəm də, bu layihəyə dəvət almaq məni xüsusilə sevindirdi. Çünki film məzmununa görə çox əhəmiyyətlidir və Zəfərimizə gedən yolu ətraflı şəkildə göstərəcək. Hərçənd, canlandırdığım obraz düşmən obrazı idi və buna görə əvvəlcə bir qədər tərəddüd etdim. Sonra mərhum sənətkarımız Məlik Dadaşovu xatırladım. Düşünürəm ki, tamaşaçılar filmi izlədikdən sonra canlandırdığım obraza görə mənə qəzəblənə bilərlər. Bu isə məni sevindirər. Çünki deməli, obrazı yaxşı canlandırmışam”.

Xalq artisti Nurəddin Mehdixanlı ekran əsərinin milli yaddaşın qorunması və gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması baxımından əhəmiyyətini vurğulayıb: “Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı sülh istəyirsə, sülhə, barışıq istəyirsə, barışığa hazırdır. Bunları istəməyənlərə qarşı savaşmağı da bacarırıq. 44 günlük müharibə həm torpaqlarımızı 30 il işğal altında saxlayanlar, həm də onları müdafiə edənlər üçün əsl dərs oldu. 44 günlük müharibənin bədii formada tamaşaçılara təqdim olunması çox böyük hadisədir. Bu film gələcək nəsillər üçün milli yaddaş xəzinəsidir. Unutduğumuz zaman başımıza bəlalar gəlir. Ona görə də unutmamalı və unutdurmamalıyıq”.

Yazıçı və şair Baba Vəziroğlu Zəfərdən sonra bu tarixi hadisələri əks etdirən sanballı əsərlərin yaranmasının zaman tələb etdiyini bildirib: “Həmişə məndən soruşurdular ki, Baba müəllim, böyük Zəfərimiz 2023-cü il sentyabrın 20-də baş verən hadisələrlə tamamlandı. Bəs niyə bu hadisələrdən sonra gözəl əsərlər yaradılmır, kitablar, romanlar yazılmır, dərin məzmunlu filmlər çəkilmir, böyük kinematoqrafiya layihələri hazırlanmır? Mən də deyirdim ki, gözləyin. Bu hadisələri elə həmin an qələmə almaq, Zəfəri dərhal lentə köçürmək ənənəsi yoxdur. Hətta İkinci Dünya müharibəsindən sonra da belə əsərlər sonradan yarandı.

Təqdimatdan əvvəl filmin çəkiliş prosesini əks etdirən statistik məlumatlardan ibarət videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında filmin saundtreki səsləndirilib.

Musiqi proqramı Azərbaycanın Zəfərə aparan yolunu, ərazi bütövlüyü uğrunda mübarizəsini və tarixi hadisələri əks etdirən sənədli xronika ilə müşayiət olunub. Xronikada Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azadlığına yönəlmiş siyasəti, eləcə də bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsinə dair videomateriallar təqdim edilib.

Daha sonra “44” bədii filmi nümayiş olunub.

Filmin nümayişindən sonra qonaqlar və yaradıcı heyətin üzvləri ekran əsəri ilə bağlı təəssüratlarını bölüşərək onları təsirləndirən məqamlar barədə danışıblar.

Şəhid Müşfiq Orucovun anası Aygün Məmmədli filmin təqdimatında iştirakından və övladının Vətən qələbəsinə verdiyi töhfədən qürur duyduğunu bildirib: “Filmin təqdimatı çox təsirli oldu. Məncə, Qarabağ müharibəsi haqqında çəkilmiş ən mühüm bədii filmlərdən biridir. Bir vətəndaş, bir ana və valideyn kimi biz də qürur duyduq. Vətənin zəfərində, qələbəsində bizim övladımızın da əməyi var. Bu hissi yaşamaq bizim üçün çox qürurvericidir”.

Şəhid Əbulhəsən Eyvazovun anası Mətanət xanım ekran əsərində onu ən çox təsirləndirən səhnədən danışıb: “Mən şəhid Əbulhəsənin anasıyam və övladımla hər zaman qürur duymuşam. Filmdə onun keçdiyi yolları izləmək mənim üçün həm qürurverici, həm də duyğulu anlar yaşatdı.

Filmdə məni ən çox təsirləndirən səhnə qəhrəmanın cibindən şəkilləri çıxardığı an oldu. Bu səhnə mənə çox təsir etdi”.

Deputat Polad Bülbüloğlu “44” filminin Azərbaycan kinosu üçün əhəmiyyətini vurğulayıb: “Filmi çox bəyəndim. Düşünürəm ki, son 15-20 ildə Azərbaycan kinosunda belə böyük əsər yaranmayıb. Bu, real faktlar əsasında çəkilmiş, eyni zamanda bədii cəhətdən yüksək səviyyədə hazırlanmış, çox təsirli filmdir. Aktyorların ifası, səs tərtibatı, musiqi – filmin bütün komponentləri şəhidlərimizin ruhuna və tarixi hadisələrin əhəmiyyətinə uyğundur.

Mən xüsusilə Şuşa uğrunda olan döyüşlər səhnəsində çox kövrəldim.

Bu film tariximizin bir parçasıdır, Azərbaycan xalqının qələbəsindən bəhs edir. Təbii ki, bu zəfər haqqında hələ çox kitablar yazılacaq, filmlər çəkiləcək. Yaradıcı heyəti ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Əməkdar jurnalist Qulu Məhərrəmli “44” filminin bədii keyfiyyətlərindən, operator işindən və müharibə səhnələrinin realist təsvirindən danışıb: “Müharibə mövzusunda çəkilən filmlərdə publisistik ruh və şüarçılıq bəzən üstünlük təşkil edir. Ancaq bu filmdə bədii detallar və kino sənətinə xas elementlər o qədər dərindən işlənib ki, onu həqiqətən uğurlu bədii film kimi qiymətləndirmək olar. Hesab edirəm ki, son illərdə Qarabağ mövzusunda, Azərbaycanın müharibədəki qələbəsinə həsr olunmuş ən yaxşı filmdir.

Filmin ərsəyə gəlməsinə böyük vəsait və zəhmət sərf olunub, geniş yaradıcı heyət çalışıb. Hər bir detal ciddi şəkildə işlənib, müharibə zamanı gördüyümüz və yaşadığımız məqamlar nəzərə alınıb. Bununla yanaşı, filmdə güclü bədii lövhələr yaradılıb. Operator işi xüsusilə unikaldır. Belə çətin şəraitdə çəkiliş aparmaq asan deyil.

Filmin həm hərbi, həm də ideoloji tərəfi uğurludur. Xüsusilə xoşuma gələn məqamlardan biri qarşı tərəfin bəzi filmlərdə olduğu kimi zəif və bacarıqsız göstərilməməsidir. Əksinə, onların qəddarlığı və xarakter xüsusiyyətləri də inandırıcı şəkildə təqdim olunub. Məncə, film uğurlu alınıb və şəxsən mən də bu filmi məhz belə çəkərdim”.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn film Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlığını, hərbçilərin fədakarlığını və torpaqlarımızın azadlığı uğrunda mübarizəni əks etdirir.

Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman, prodüseri Orman Əliyevdir.

“44” bədii filmi oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayiş olunacaq.



Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
Dünən, 16:00
Ermənistan parlamentində Zəngəzur qarşıdurması – Azərbaycan 60 hektar meşəni...
Dünən, 15:30
Zəngəzura görə İrandan birbaşa həmlə – Ermənistan müxalifətini hərəkətə gətirirlər
Dünən, 15:04
YAP açıqlama yaydı
Dünən, 14:22
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dünən, 13:59
Birgə Bəyanat qəbul olundu - Sənədlər mübadilə edildi - YENİLƏNİB
Dünən, 13:41
Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Dünən, 13:14
VPN-lərlə bağlı XƏBƏRDARLIQ! Ehtiyatlı olun
Dünən, 12:30
Rusiyalıların Avropada sərbəst gəzməsinə son qoyula bilər-ŞOK QƏRAR
Dünən, 12:00
Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
Dünən, 11:16
Nəsimi Musayev başına gələnləri istintaqa danışdı
Dünən, 11:12
Prezidentlər təkbətək görüşdü - Fotolar
Dünən, 10:57
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Dünən, 10:37
DYP-dən həmin qatar qəzası ilə bağlı xəbərdarlıq - Video
Dünən, 10:32
Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
Dünən, 10:06
İranlı nazirdən Bakıya səfəri ilə bağlı AÇIQLAMA - İki vacib sənəd HAZIRLANIR
Dünən, 09:58
Bakı Metropoliteninə 300 milyon ayrıldı
Dünən, 09:49
Moskvaya 400 PUA ilə DƏHŞƏTLİ HÜCUM - Sobyanindən TƏCİLİ AÇIQLAMA
Dünən, 09:44
“Sabah” Bakıda ilk ÇL matçına çıxır
Dünən, 09:41
Bu filmdə 2500 hərbçi, 42 XTQ döyüşçüsü çəkilib!
Dünən, 09:38
Aeroport yolunda qəza oldu - Tıxac yarandı - Foto
Dünən, 09:34
Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
Dünən, 09:30
Zəngəzurun taleyini dəyişəcək addım – Təsdiqə göndərirlər
Dünən, 09:12
İsrail prezidenti Azərbaycana gələcək – Bakı dialoq platformasına çevrilir?
Dünən, 09:00
Dini komitə sədrindən məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
12-10-2026, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12-10-2026, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
12-10-2026, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar