Şantaj körpüsü
Hadise
Oxunub: 22
24 iy 2026 | 10:53
Şantaj körpüsü


Hər dəfə “Koroğlu” körpüsünün üstündən keçəndə qurğunun ən qəlbi yerində dayanaraq keşik çəkən PPX (post-patrul xidməti) avtomobilini görür və mat qalıram ki, nə əcəb bunu hələ yığışdırmayıblar.

Ölkəmizə bələd olmayan turistlər, eləcə də işin içində olmayan yerli adamlar düşünə bilərlər ki, bura mühüm strateji obyekt olduğuna görə qorunur, o polis maşını da ona görə orada keşik çəkir.

Elə deyil. Ona qalsa, şəhər körpülərlə, yol ötürücüləri ilə, keçidlərlə doludur və heç birində də PPX avtomobili yoxdur. Bu özəllik bir dənə “Koroğlu”dadır.

Bunun səbəbi var. 12 il əvvəl, “Koroğlu” körpüsü təntənəli şəkildə istifadəyə veriləndən 1-2 il sonra hansısa ağıllı mərdiməzar presedent yaratdı, gedib körpünün hündür yerinə dırmaşdı ki, özümü buradan atacağam.

“Vuran oğul dayısına gənəşməz” məsəli heç kəsin yadına düşmədi, adamı birtəhər dilə tutub körpüdən endirdilər və problemi nəydisə, həll etdilər, hər şey yaxşılıqla qurtardı.

Bundan sonra dəb düşdü: kimin müşkülü vardı, gedib çıxırdı körpünün həmin yerinə və tələb edirdi ki, jurnalistlər, deputatlar, əlaqədar məmurlar gəlsin, yoxsa özümü buraxıram aşağı.

Jurnalistlərə nə vardı ki.... Dərhal kameralarını, smartfonlarını götürüb qaçırdılar hadisə yerinə, gendən durub şəkil, video, intizar, siqaret, əziyyət çəkirdilər. Məmurlar hadisə yerinə üzükmürdülər, amma deputatlardan gələn olurdu. Rəhmətli Qənirə bacı harada olsa özünü yetirirdi, intihar anonsu edən adamı “qardaş” deyə-deyə dilə tutub körpüdən endirirdi və probleminin həllinə yardımçı olurdu. (Allah ona qəni-qəni rəhmət eləsin).

Bu üzdən idi ki, körpünün adı dəyişmək üzrəydi, ya “İntihar körpüsü” deyirdilər, ya da “Qənirə körpüsü”. Körpünün başına çıxaraq özünü atacağı ilə hədələyən və Qənirə Paşayevanın gəlməsini tələb edən şəxslər heç də mərhum deputatın seçildiyi seçki dairəsinin sakini deyildilər, bəzən Hüseynbala Mirələmovun, Mixail Zabelinin seçiciləri də gəlib ora çıxırdılar, amma öz deputatlarının gəlməsini tələb etmirdilər, “Qənirə gəlsin” deyirdilər.

Beləcə, “Koroğlu” körpüsü yavaş-yavaş “Şantaj körpüsü”nə dönmüşdü. Əslində ora çıxan adamları çox da qınamalı deyildi, çünki şikayətlərinə yalnız körpüyə dırmaşandan sonra baxırdılar. Amma haqq vermək də olmurdu. Çünki başqa insanlarda həyəcan, gərginlik, o ətrafda tıxac yaradırdılar. Bircə iş yaxşıydı ki, o körpüdən özünü atan olmurdu. Hündürlükdən atılmaqla intihar edənlərin xəbəri şəhərin başqa yerlərindən gəlirdi. Qəti fikrə gəlmiş adam bir hündür yerə çıxır, anons etmədən, kütləvi informasiya vasitələrinin səyyar çəkiliş qruplarını, ictimaiyyət nümayəndələrini, məmurları, qanunvericilik hakimiyyətinin təmsilçilərini hadisə yerinə çağırmadan özlərini atırdılar.

“Koroğlu”da isə vəziyyət başqaydı. Körpü həftəaşırı film çəkilişi meydançasına dönürdü və gündən-günə populyarlaşır, dilə-ağıza düşürdü.

Həmin günlərdə yeyib-içməkdə və zarafatlaşmaqda ad çıxarmış bir məşhur həmkarlarımız sırf lağlağı üçün sosial şəbəkədə yazmışdı ki, vallah, bir gün mən də o körpüyə çıxıb tələb edəcəyəm ki, ya problemlərim həll olsun, ya da bilirsiniz, nə olacaq.

Əlim dinc durmadı, zarafatımız olduğu üçün götürüb ona yazdım ki, səni ordan bir “çubuş”a düşürdərlər. (“Çubuş” – 250 qramlıq araq). Deyəsən, o söz onun xətrinə dəydi. Üzümə vurmadı, amma hiss etdim ki, yüngülvarı inciyib.

Xüləs, hökumət gördü ki, belə olmayacaq, “Şantaj körpüsü”nə dırmaşmaq həvəskarları gündən-günə artır, gətirib orada PPX postu yaratdı.

O post bu post, budur, 10 ildən çoxdur ki, oradadır. Hər gün sübh tezdən bir avtomobil və azı 4 polis işçisi orada gecə yarısına qədər keşik çəkir. Bunun qışda soyuğu var, yayda qızmar istisi var. Məsələn, iyulun bu günündə günəşin altında yarım saat dayanan avtomobil təndirə dönür, keşikçilər maşını işə salıb kondisioner işlətməyə məcburdurlarmı? Bəli. Bəs qışda? Qışda da maşının sobası işləməlidir. Görün, 10 ildir dövlətin pulu nəyə gedir...

Məncə, artıq o post oradan götürülməlidir, daha ora çıxan olmayacaq. Çünki Qənirə xanəm vəfat edib, axırıncı seçkilərdə isə “hadisə yerinə çağırıla biləcək” deputat seçilməyib. (Amma çətini birinin körpüyə yaxınlaşmasıdır, ondan sonra hamı onun yaxasından yapışacaq).

İki çıxış yolu var: 1. Körpünün o yerini tikanlı məftillərlə sarımaq ki, heç kəs ora çıxa bilməsin; 2. İnsanların problemini həll etməyən, əksinə, onlara problem yaradanları ciddi şəkildə cəzalandırmaq ki, şikayətçiləri son çarəyə əl atmağa vadar etməsinlər.

**

Dünya köhnə dünyadır, problemi həll etmək yolları təzədir.musavat.com
Dünən, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
Dünən, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
Dünən, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
Dünən, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
Dünən, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
Dünən, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
Dünən, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
Dünən, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
Dünən, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
Dünən, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
Dünən, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
Dünən, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
Dünən, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
Dünən, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
Dünən, 10:53
Şantaj körpüsü
Dünən, 10:45
Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT
Dünən, 10:42
Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
Dünən, 10:39
Bakı-Quba yolunda avtomobil piyadanı vurub öldürdü - Anbaan video
Dünən, 10:09
Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
Dünən, 10:04
Azərbaycan nefti sürətlə bahalaşır: 110 dollara yaxınlaşır
Dünən, 09:52
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır - Fotolar
Dünən, 09:32
Rusiyada böhran dərinləşir - Kremldə qadağaların uzadılması müzakirə edilir
Dünən, 09:29
Azərbaycanda zəlzələ - Bu ərazilər silkələndi
Dünən, 09:26
Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb
Dünən, 09:23
85 baş qoyunla yoxa çıxan Salyan sakininin atasından AÇIQLAMA - VİDEO
Dünən, 09:00
Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq"
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi