İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
Dunya
Oxunub: 74
10 mar 2026 | 15:30
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın  ərəb ölkələrinə verdiyi dərs


İran–ABŞ–İsrail qarşıdurmasının dərinləşməsi Yaxın Şərqdə təkcə hərbi-siyasi gərginliyi artırmayıb, həm də qlobal enerji təhlükəsizliyi sistemini ciddi sınaq qarşısında qoyub. Müharibənin başlanması ilə paralel olaraq dünyanın ən strateji enerji keçid nöqtələrindən biri sayılan Hörmüz boğazında yaranan risklər qlobal bazarlara dərhal təsir göstərdi. Əslində, müharibə başlamazdan əvvəl də analitik dairələr bu qarşıdurmanın enerji bazarına ciddi təsir edəcəyini proqnozlaşdırırdılar. Gözlənildiyi kimi, risklərin artması neft və qaz qiymətlərinin kəskin bahalaşmasına səbəb oldu.

Hörmüz boğazı qlobal enerji sisteminin ən həssas və strateji nöqtələrindən biridir. Dünyada gündəlik daşınan neftin təxminən 20 faizi, yəni 20 milyondan çox barrel məhz bu dar boğazdan keçir. Bu səbəbdən boğazın bağlanması və ya təhlükə altında qalması dünya enerji bazarında ciddi şok effekti yaradır. Enerji təchizatının bu qədər böyük hissəsinin risk altına düşməsi qlobal iqtisadiyyatda qiymətlərin sürətlə artmasına və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların güclənməsinə səbəb olur.

Məhz buna görə də İran–ABŞ–İsrail müharibəsinə yalnız İrana qarşı hərbi əməliyyat kimi yanaşmaq doğru olmaz. Bu qarşıdurma daha geniş miqyaslı geosiyasi və iqtisadi maraqların toqquşmasıdır. Əslində, söhbət regional münaqişədən daha çox qlobal güclər arasında təsir dairələri uğrunda mübarizədən gedir. Bu münaqişə qlobal təhlükəsizlik arxitekturasını sarsıda biləcək böhran kimi qiymətləndirilir və prosesin nə zaman həll olunacağı ilə bağlı ciddi qeyri-müəyyənlik mövcuddur.

Hörmüz boğazı ətrafında yaranan böhranın həm görünən, həm də görünməyən geosiyasi tərəfləri var.
Birinci amil İranın zəiflədilməsi və üzərində nəzarətin gücləndirilməsi strategiyası ilə bağlıdır. ABŞ və onun regional müttəfiqləri uzun illərdir İranın Yaxın Şərqdə artan təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Tehran həm nüvə proqramı, həm də regiondakı proksi qüvvələri vasitəsilə öz təsir dairəsini genişləndirməyə çalışır. Bu baxımdan İranın hərbi, iqtisadi və siyasi baxımdan zəiflədilməsi Vaşinqtonun əsas strateji hədəflərindən biri hesab olunur.
İkinci məqam strateji dəniz yollarına nəzarət məsələsidir. Tarix boyu böyük güclər qlobal ticarət marşrutlarına nəzarəti öz geosiyasi üstünlüklərinin əsas elementi hesab ediblər. Karib hövzəsində və Atlantik okeanında ABŞ-ın dominant mövqeyi buna misaldır. Eyni yanaşmanın Hörmüz boğazı üçün də keçərli olduğu iddia edilir. Bu boğaza nəzarət qlobal enerji bazarının mühüm hissəsinə təsir imkanları deməkdir və bu, ABŞ-ın qlobal güc statusunu möhkəmləndirən amillərdən biri sayılır.

Üçüncü və bəlkə də ən mühüm faktor Çinin sıxışdırılması ilə bağlıdır. Çin son illərdə dünyanın ən böyük enerji istehlakçılarından birinə çevrilib və onun enerji təhlükəsizliyi əsasən Yaxın Şərqdən idxal olunan neftə bağlıdır. Çinin idxal etdiyi neftin böyük hissəsi məhz Hörmüz boğazı vasitəsilə daşınır. Bu marşrutda yaranan hər hansı böhran Pekinin iqtisadi sabitliyinə birbaşa təsir göstərir.

Bu baxımdan bəzi analitiklər hesab edir ki, Hörmüz boğazında yaranan gərginlik eyni zamanda ABŞ ilə Çin arasında qlobal rəqabətin tərkib hissəsidir. ABŞ strateji marşrutlara nəzarət etməklə rəqiblərinin iqtisadi imkanlarını məhdudlaşdırmağa çalışır. Belə böhranlar Çinin enerji təminatına risk yaratmaqla onun iqtisadi inkişaf tempinə mənfi təsir göstərə bilər. Və artıq göstərməkdədir.

Dördüncüsü, qlobal logistika və enerji dəhlizlərinə nəzarət məsələsi ilə bağlıdır. ABŞ uzun illərdir dünya ticarət marşrutlarının təhlükəsizliyində əsas aktor kimi çıxış edir. Hörmüz boğazında yaranan böhran Vaşinqtona regionda hərbi-siyasi mövcudluğunu gücləndirmək və enerji dəhlizlərinə nəzarəti daha da möhkəmləndirmək üçün əlavə əsas yaradır.
Beşincisi, ABŞ dollarının qlobal iqtisadi sistemdəki mövqeyi ilə bağlıdır. Son illərdə bir sıra ölkələr, xüsusilə çoxqütblü dünya təəfdarlaır olan Çin, Rusiya və İran beynəlxalq ticarətdə dollardan asılılığı azaltmaq və alternativ valyuta mexanizmləri yaratmaq təşəbbüsləri irəli sürürdülər. BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində alternativ maliyyə sistemləri və yeni hesablaşma mexanizmləri müzakirə olunurdu.

Son dövrlərdə Çinlə Körfəz və ərəb ölkələri arasında ticarətin dollarla deyil, yuanla aparılması halları da müşahidə edilirdi. Bu isə dolların qlobal rezerv valyuta statusu üçün potensial risk kimi qiymətləndirilirdi. Buna görə də regionda yaranan geosiyasi gərginliklər təkcə enerji bazarına deyil, həm də qlobal maliyyə sisteminə təsir edən faktor kimi dəyərləndirilir.
Hörmüz boğazında yaranan böhran eyni zamanda Körfəz ölkələrinin geosiyasi imicinə də təsirsiz ötüşmədi. Uzun illər ərzində bu region özünü təhlükəsiz investisiya və maliyyə mərkəzi kimi təqdim edirdi. Lakin İran–ABŞ–İsrail qarşıdurması fonunda bölgədə təhlükəsizlik risklərinin artması bu imicə müəyyən zərbə vurdu. İnvestorlar üçün sabitlik və təhlükəsizlik əsas şərtlərdən biridir və hərbi gərginliyin artması sərmayədarların daha ehtiyatlı mövqe tutmasına səbəb ola bilər.

Bununla yanaşı, regionda İranın həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumlar Körfəz ölkələrinin təhlükəsizlik sisteminin nə qədər həssas olduğunu da göstərdi. BƏƏ, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrə qarşı həyata keçirilən hücumlar yalnız hərbi obyektləri deyil, eyni zamanda mülki infrastrukturu və enerji obyektlərini də hədəf aldı.
Bu hadisələr region ölkələrinə bir mesaj kimi də qiymətləndirilir: ABŞ-ın təhlükəsizlik çətiri olmadan bu dövlətlərin öz təhlükəsizliklərini təmin etməsi çətin ola bilər. Bu isə Vaşinqtonun Yaxın Şərqdəki hərbi-siyasi rolunun hələ də vacib olduğunu göstərir. Bu Ağ Ev administrasiyasının Ərəb ölkələrinə verdiyi bir dərs kimi də qiymətləndirilə bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, bu prosesdə Tehran və Təl-Əvivin də öz strateji maraqları mövcuddur. İran regional təsir imkanlarını qorumağa və genişləndirməyə çalışırsa, İsrail isə İranın hərbi və nüvə potensialının zəiflədilməsini öz milli təhlükəsizliyinin əsas elementi kimi görür.
Nəticə etibarilə, Hörmüz boğazı ətrafında yaranan böhran yalnız enerji bazarına təsir edən regional münaqişə deyil. Bu, qlobal güclərin geosiyasi rəqabətinin, enerji təhlükəsizliyi mübarizəsinin və beynəlxalq maliyyə sistemində gedən dəyişikliklərin kəsişdiyi mürəkkəb geosiyasi prosesdir. Bu prosesin nəticələri yalnız Yaxın Şərqin deyil, bütün dünya iqtisadiyyatının gələcək inkişafına öz təsirini göstərəcək.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü