Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər
Sosial
Oxunub: 148
23 may 2025 | 12:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər


“Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür”.

Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin ölkəmizə aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa olunması və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin olunması və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə edilib. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi.

Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda uğurla keçirilməsi və beynəlxalq səviyyədə kritik qərarların qəbulu ölkəmizin ətraf mühit sahəsində qlobal səylərə töhfə verməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə aparmasının əyani göstəricisidir.

Ətraf mühitin, biomüxtəlifliyin qorunmasına və yaşıllaşdırmaya xidmət edən tədbirlər

Azərbaycanda intensiv olaraq meşəbərpa tədbirləri aparılır, yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağacəkmə aksiyaları həyata keçirilir, ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır. Təkcə ötən il - "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 8 milyondan çox ağac əkilib. Bu il isə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları davam edir.

İşğaldan azad olunmuş ərazilərdə meşə fondu torpaqlarının ümumi sahəsi 260 min hektar olub. İşğala qədərki dövrdə həmin ərazilərin 228-230 min hektara yaxını meşə örtüklü ərazilər idi. Təəssüf ki, ən çox zərər çəkən sahələrimiz məhz meşələrimiz olub. Həmin meşələr məqsədli şəkildə yandırılıb, istismar edilib. 54 min hektardan çox ərazi tamamilə məhv olunub. Əlbəttə ki, seyrəldilmiş ərazilərimiz də var. Bunlar da min hektarlarla ərazini əhatə edir. Bir hektara min ağac sayı ilə götürsək bu, 54 milyon ağacın məhvi deməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biri də azad edilmiş ərazilərdə meşəbərpa işlərinin aparılması və həmin istiqamətdə həyata keçirilən layihələrdir.

Biomüxtəlifliyin mühafizəsi istiqamətində görülən işlərə ölkə ərazisində yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, azad edilmiş ərazilərdə qoruq və yasaqlıqların bərpası, həmçinin bir sıra heyvan növlərinin reintroduksiyası, su bioresurslarının artırılması tədbirlərini nümunə göstərmək olar.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2024-cü ildə 1915 müəssisədə müvafiq müayinələr aparılıb və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 41,5, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiqlənmiş müəssisələrin 47,9, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş müəssisələrin isə 25,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1526 nəfər vəzifəli şəxs və vətəndaşlara 1836 min manat məbləğində inzibati cərimə sanksiyası tətbiq edilib.

Faktlar və nəzərəçarpan müsbət dinamika onu göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları təbiət keşikçisi kimi öz xidməti vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Nazirliyin işçilərinin hər ötən gün uğur zəncirinə yeni nailiyyət halqaları əlavə edəcəyinə və qarşıdakı illərdə yaşıl düşüncəmizi yaşıl reallığa çevirəcəyinə inanırıq.
Dünən, 08:01
İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dünən, 07:53
Azərbaycanda Milli Qurtuluş Günüdür
14-06-2025, 10:34
İranın daha bir generalı öldürülüb
14-06-2025, 10:29
Yol polisi məzunlara və valideynlərə xəbərdarlıq etdi
14-06-2025, 10:26
İsrailə raket zərbələri davam edir - Ölənlər var - Yenilənir
14-06-2025, 10:10
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
14-06-2025, 10:04
Onlar quru yolla Azərbaycana gəldilər - FOTO
14-06-2025, 09:59
Bu gün "Son zəng"dir
14-06-2025, 09:00
Kreml Cənubi Qafqazla bağlı "NATO mesajı" verdi: Rusiya region dövlətlərini işğal ilə hədələyir
13-06-2025, 16:00
İsrail İranla tammiqyaslı müharibəyə hazır olduğunu bəyan etdi
13-06-2025, 15:30
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13-06-2025, 13:29
TƏCİLİ! İran QAN DAVASI bayrağını qaldırdı - ŞOK
13-06-2025, 13:24
“Mossad” Tehran yaxınlığında kamikadze dron bazası qurub - ŞOK
13-06-2025, 13:21
XİN-dən vətəndaşlarımıza müraciət: İrana getməyin!
13-06-2025, 12:01
İsrail İranın hərbi obyektlərinə hücumu başa çatdırdı
13-06-2025, 11:54
İsrail İran dronlarını vurmağa başlayıb - Video - Yenilənib
13-06-2025, 11:44
Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
13-06-2025, 11:41
3 milyon vətəndaşı əhatə edən artımlar - Siyahı
13-06-2025, 11:36
“Ciddi şəkildə narahatıq” - Rəsmi Bakı
13-06-2025, 11:33
Veteranların Prezident təqaüdü artırılacaq?
13-06-2025, 11:02
Trampdan gözlənilən açıqlama gəldi
13-06-2025, 10:55
Türkiyənin hakim partiyasından İrana hücuma - Reaksiya
13-06-2025, 10:48
Daha bir qanunsuz tikili söküldü - Video
13-06-2025, 10:44
İsrail İrana hücumun detallarını açıqladı
13-06-2025, 10:38
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı
13-06-2025, 10:18
Hücumda özləri həlak oldu, evləri bu hala düşdü - Video - Fotolar
13-06-2025, 10:11
Baqerinin yerinə o təyin olundu