Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
Siyaset
Oxunub: 69
2 iy 2026 | 14:22
Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir


Rusiya ilə Ermənistan arasında gərgin siyasi dialoq davam edir. Moskva bu dəfə Vaşinqtonda müzakirə olunan və "Tramp marşrutu" (TRIPP) kimi tanınan yeni nəqliyyat layihəsi ilə bağlı İrəvana açıq mesaj göndərib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan bu layihənin həyata keçirilməsi zamanı Rusiyanın mövqeyini nəzərə almağa məcbur olacaq. Qaluzin xatırladıb ki, Ermənistanın dəmir yolları hazırda "Rusiya Dəmir Yolları"nın törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu" QSC-nin konsessiya idarəçiliyindədir. Onun sözlərinə görə, Ermənistan üzərindən həyata keçiriləcək hər hansı tranzit daşımalar Avrasiya İqtisadi İttifaqının qaydalarına uyğun olmalıdır. Diplomat vurğulayıb ki, Ermənistan bu təşkilatdan çıxmaq niyyətində olmadığını dəfələrlə bəyan edib.

Rusiya rəsmisi əlavə edib ki, "Tramp marşrutu"nun keçəcəyi ərazilər Türkiyə və İranla sərhəd zonasını əhatə edir və həmin sərhədlər uzun illərdir Ermənistan sərhədçiləri ilə birlikdə rus sərhədçiləri tərəfindən qorunur. Buna görə də Moskva hesab edir ki, layihənin reallaşdırılmasında Rusiyanın iştirakı həm hüquqi, həm də təhlükəsizlik baxımından vacibdir. Məsələnin hüquqi tərəfi isə daha mürəkkəb görünür. Vaxtilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Mehri dəmir yolu Ermənistan ərazisindən keçsə də, sovet dövründə bu xətt Azərbaycan Dəmir Yolunun tərkibində olub və Ermənistanın dəmir yolu sisteminə daxil edilməyib. Bu səbəbdən həmin hissənin Rusiya Dəmir Yollarının konsessiya idarəçiliyinə aid olub-olmaması ətrafında hüquqi mübahisələr mövcuddur. Üstəlik, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan dövründə Mehri istiqamətindəki dəmir yolunun avadanlıqlarının sökülərək metal qırıntısı kimi İrana satıldığı barədə məlumatlar da var. Ermənistan mənbələri iddia edirlər ki, Moskva bu prosesdən tam xəbərdar idi. Ekspertlər xatırladırlar ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulsa da, ötən beş il ərzində bu istiqamətdə nə Rusiya, nə də Ermənistan real addım atıb. Məhz bu səbəbdən ABŞ-nin irəli sürdüyü yeni TRIPP layihəsi Kremlin narahatlığını artırır və Moskvanın İrəvana təzyiqini gücləndirir.

Analitiklərin fikrincə, TRIPP layihəsi eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan üçün ciddi siyasi sınağa çevrilib. Çünki Vaşinqtonda əldə olunan razılaşmaları imzalayarkən Paşinyan sərhəd zonalarının statusunu, Rusiya sərhədçilərinin rolunu və dəmir yollarının konsessiya idarəçiliyini yaxşı bilirdi. Buna baxmayaraq sənədlərə imza atması onun Moskva ilə münasibətlərdə yeni mərhələyə keçmək niyyətində olduğunu göstərən mühüm siqnal kimi qiymətləndirilir. Bununla belə, müşahidəçilər hesab edirlər ki, Ermənistanın həqiqətən də Qərbə inteqrasiya kursunu seçib-seçmədiyi hələ də açıq sual olaraq qalır. TRIPP layihəsinin taleyi təkcə regional nəqliyyat marşrutlarının gələcəyini deyil, həm də İrəvanın Rusiyanın təsir dairəsindən nə dərəcədə uzaqlaşmağa hazır olduğunu göstərəcək əsas siyasi sınaqlardan biri hesab edilir. Hazırkı vəziyyət isə Paşinyan hökumətinin bu istiqamətdə hələ də ciddi maneələrlə üzləşdiyini göstərir.

Siyasi ekspert Oqtay Qasımovun fikrincə, Rusiya çox istərdi ki, Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyanat əsas götürülsün: “10 noyabr sənədinə əsasən, dəhlizdə nəzarət rus hərbçilərə həvalə olunmuşdu. Lakin Rusiya yaradılmış şansdan istifadə etmədi və tərəflərə təsir etmək mexanizmini üstün tutdu. Bu da sonda özünün dəhlizə nəzarət şansını itirməsinə gətirib çıxardı. Hazırkı mövqeyinə gəlincə, Rusiya bir formada bu prosesə qoşulmaq istəyir. Yəni Moskva bu layihəyə yatırım etmək fikrində deyil. Artıq ABŞ və Ermənistan arasında memorandum imzalanıb, pay bölgüsü aparılıb, texniki və iqtisadi əsaslandırma aparılıb, maliyyə məsələsi həllini tapıb, hüquqi prosedurlar müəyyən olunub. Bir sözlə, proses son mərhələyə gəlib və fiziki işlərin həyata keçirilməsi qalır. Bu da yaxın zamanda reallaşacaq. Sadəcə, Rusiya Ermənistana təzyiq göstərməklə ondan güzəşt qoparmağa çalışır. Xüsusən də dəhlizə nəzarət məsələsində iştirak istəyir”.

O.Qasımova görə, Rusiya heç olmasa ABŞ şirkəti ilə bərabər nəzarət funksiyasına şərait yaradılmasına cəhd edir: “Əgər bu istəyi qəbul olunmasa, Ermənistanı şantaj etməyə çalışacaq. Belə desək, rus sərhədçiləri vasitəsi ilə prosesə müdaxilə edə bilər. Amma doğrusu, bunu həyata keçirməsi çətin görünür. Düzdür, Rusiya vaxtilə məntiqdən kənar addımlar da atıb. Məsələn, 1994-cü ildə, ən zəif dövründə rus desantının bir bölməsi Serbiya ərazisinə atıldı və NATO bunu gözləmirdi. Yəni Rusiyanın belə qəfil addımları da olur. Sadəcə, nəzərə alaq ki, Zəngəzur dəhlizi məsələsində vəziyyət fərqlidir. Çünki ABŞ və Ermənistan arasında razılaşma var. Rusiyanın müdaxiləsi o deməkdir ki, ABŞ kimi gücü qarşısına almış olacaq. Bu da Moskvanın maraqlarına nə dərəcədə uyğundur, demək çətindir. Ona görə də Rusiyanın kobud müdaxiləsi real deyil”.
Bu gün, 16:00
Paşinyanın referendum XOFU
Bu gün, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Bu gün, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Bu gün, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Bu gün, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Bu gün, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Bu gün, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Bu gün, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Bu gün, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Bu gün, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Bu gün, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Bu gün, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Bu gün, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Bu gün, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Bu gün, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Bu gün, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu gün, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Bu gün, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Bu gün, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Bu gün, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Bu gün, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Bu gün, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Dünən, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
Dünən, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
Dünən, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."