"Uzaq sahillər"dəki Anjelikanın sonrakı taleyi
Medeniyyet
Oxunub: 1 548
10 okt 2014 | 14:02
ŞOU DÖVRÜ VƏ ŞƏXSİ HƏYAT
"Uzaq sahillər"dəki Anjelikanın sonrakı taleyi
Tofiq Tağızadənin çəkdiyi "Uzaq sahillərdə" filmindən Anjelika kimi tanıdığımız aktrisa Aqniya Yelekoyeva 1990-cı illərin əvvəllərindən ABŞ-da yaşayır. Onun son 20 illik həyatı barədə bilgi axtarmağa cəhd etməyin - nə bir müsahibə, nə bir reportaj taparsız.

Aqniya Yelekoyeva kənar adamlar üçün qapalı həyat tərzini seçib, özünü reklam etməkdən uzaqdır, şəxsi həyatı haqqında hər hansı bilginin yayılmasında maraqlı deyil. Epikurun məşhur "Görünmədən yaşa" prinsipi.

İndiki ekssentrik, qışqıran illər, bazar nümayişkaranəliyi dövrü üçün bu, qeyri-adidir, həm də cəlbedicidir. Gecə-gündüz mətbuat və TV boş araba kimi səs-küy salan istedadsız, cılız, heç bir mədəniyyəti və çox vaxt da elementar savadı, hətta ağlı olmayan vulqar fərdləri işıqlandırır, şəxsiyyətlər və maraqlı simalar isə özlərini dördqat divar ilə bu səs-küydən izolə etməyi seçir.

Aktrisanın haqqında bilgilər çox cüzidir. 1929-cu ildə anadan olub, Leninqrad teatrında ("Lenkom") çalışıb, "Uzaq sahillərdə"dən başqa daha 3 filmdə çəkilib (o cümlədən, 1960-cı ildə "Vətəndən uzaqlarda" adlı müharibə filmində Anjelika tipli obraz yaradıb). Ssenarist və rejissor Qleb Selyaninlə ailə həyatı qurub, 1956-cı ildə qızları Olqa dünyaya gəlib (Yeri gəlmişkən, akyorluq kursunu bitirən Olqa Selyanina "Payız marafonu" filmində epizodik - tələbə rolu ilə yadda qalıb). Qleb Selyanin 1984-cü ilin sonunda 58 yaşında vəfat edib, Aqniya isə sonralar qızı ilə birlikdə ABŞ-a köçüb.
Onun sonrakı taleyi ilə maraqlananları cavabsızlıq gözləyir. Rusiyanın kino portallarından birinin forumunda buna bir daha şahidlik etdim. Aqniya Yelekoyevanı "Sovet kinosunun ən gözəl qadını" saydığını söyləyən birisinin aktrisanın Amerika dövrü ilə bağlı suallarına cavab olaraq Olqa Selyanina cavab yazır: "Yalnız onu deyə bilərəm ki, Aqniya Borisovna sağlam, gümrah və fəaldır. Soruşduğunuz başqa suallar isə çox şəxsidir". Yəni, cavab vermək olmaz.

Təəccüblənən forum iştirakçısı sadəcə Aqniya Yelekoyevanın ailəsinin olub-olmadığı, niyə filmlərə az çəkildiyi, 60 yaşdan sonra niyə mühacirət etdiyi və bu tipli suallarla maraqlandığını sadalayır və yenə də aktrisanın qızından cavab gəlir: "Əgər başqa aktyorlar barədə hər şey yazırlarsa, mən bunu düzgün saymıram. Bu məlumatların mənim anamın yaradıcılığına nə dəxli var? Anam çoxdan aktrisa deyil və nə fərqi var ki, o, hansı səbəblərdən Amerikaya köçüb?.. Doğrudanmı siz hesab edirsiz ki, mən anamın şəxsi həyatı, ailə vəziyyəti və s. haqda durub danışacam?"

Daha bir neçə nəfərin aktrisanın qızını mövqeyindən daşındırmaq cəhd və xahişləri havadan asılı qalır - o, anası barədə bir kəlmə də yazmır. Bu, 2012-ci ilin yanvarının söhbətidir, az qala 3 il keçib, ancaq Sovet kinosunun cəlbedici, maraqlı və sirli aktrisalarından biri olan Aqniya Yelekoyevanın ətrafındakı sükut pozulmayıb. Sadə səbəbdən - aktrisa özü bu səs-küydə maraqlı deyil. O, öz həyatını yaşayır və şəxsi taleni başqalarının ayaqları altına bir xalça kimi sərmək niyyətindən çox-çox uzaqdır. Yəni, buyurun, rollarımdan danışın, ancaq şəxsi həyatımla nə işiniz var?!

Şəxsi həyat ictimailəşirsə, bu artıq çevrilib ictimai həyat olur. Bizim vitrinlər, dekorasiyalar, məzmunsuz formalar, qulaqbatıran özünüreklamlar dövründə bu cür mövqe çox qəribə görünür, elə deyilmi? Qəribədir, atipikdir, ancaq doğrudur.

Əgər aktrisa barəsində danışılmağını, yazılmağını, çəkilməyini istəsəydi, asanca buna nail olardı. Xüsusən nəzərə alsaq ki, onu milyonlarla adam xatırlayır, o, onillərdir susur və bu sükut onu daha da maraqlı və sirli edir. Ancaq onun susmağı danışmağından daha çox şey deyir. Yəni, şou erasında, məzmunsuz formalar və uydurma qalmaqallar estetikasının mütləqi-hakim sayıldığı bu illərimizdə abırlı insanların danışmamağı məsləhətdir.

Abırlı insanlar fərqindədir: Mətbuat və TV ciddiyyətini itirib, şou yolunu seçib. Onu şəxsiyyətlər yox, ucuz qalmaqallar maraqlandırır...

...Sentyabrın 25-də SSRİ-nin sonuncu nəslinin sevimlisi olan şəxsiyyətlərdən biri - Yaak Yoala vəfat etdi. Rusiya telekanallarından biri onu tanıyanları, dostlarını studiyaya dəvət edib veriliş hazırladı.
Qonaqlar xatirələrindən, Yaakın necə istedadlı və dəyərli insan olduğundan danışmaq istəyirdilər, aparıcıya isə qalmaqal lazım idi. Odur ki, iki dəqiqədən biri "Onu rusca oxuduğuna görə Estoniyada incidirdilərmi?" sualını ortaya atırdı, istədiyi müsbət cavabı almayanda sualı başqa formada yenidən verirdi. Halbuki, Yaak Yoalanın şəxsi taleyi ən yaxşı, əyani cavab idi - şöhrətinin zirvəsində, 1988-ci ildə 38 yaşlı Yaak Yoala estradanı həmişəlik tərk etmək qərarı verdi və sonadək də sözünün üstündə durdu. Nadir müsahibələrindən birində səbəbi də açıqladı: "Əgər qalsaydım, mən də bu debil, səviyyəsiz mahnıları oxumalı olacaqdım". Yəni, bazar, şou, səviyyəsiz mahnılar və səviyyəsiz müğənnilərin gəlişini (həm də uzunmüddətli gəlişini) astanadaca dərk edən Yaak Yoala özünü bu bayağı, mənasız şou-biznesdə (şou-şizofreniyada) görmək istəmədi və getdi.

Haqlı çıxdı. 25 ildir bu şizofreniya və debilizm davam edir, sonu isə görünmür.

Yaak Yoalanın xatirəsinə hazırlanmış həmin verilişin aparıcısı həmin debilizmin atributlarından biri idi.

Və şəxsi həyatını indiki patoloji zövqlərdən qoruyan gözəl, müdrik Aqniya Yelekoyeva da minqat haqlıdır - onu eksponat, muzey əşyası, ya da qalmaqal elementi kimi ortaya çıxarmaq istəyənləri çox-çox uzaqda saxlamaq gərəkdir. Dövr abırlı adamlara TV və mətbuatdan uzaq dayanmağı təlqin edir.

Obıvatel deyəcək ki, onu sevimli aktrisanın həyatı maraqlandırır, burada pis nə var ki?! Xeyr, sənin istəyin qocalmış aktrisanın necə gücsüzləşdiyini, sağlamlığını itirdiyini, gözəlliyini illərin dolanbacında qoyub gəldiyini görməkdir. Sən istəyirsən ki, ekranda sənə xəstə, kimsəsiz qarı göstərsinlər və üstəlik o, Vətənə nostalgiya ilə ahu-zar etsə daha maraqlı olar. Və bu səhnəni meşşanlara yaşatmamaq yaddaşlarda gözəl və gənc qalmaqla onu bəyənənlərdə yalnız müsbət hisslər yaratmaq istəyən aktrisanın haqqıdır. Və susanda belə o, tamaşaçısını düşünür, onu peşman etmək istəmir.
O ki qaldı obıvatellərə (TV-yə isə indi yalnız obıvatellər baxır), onlara arzuladıqları səhnələr onsuz da konveyer üsulu indi, günün 24 saatı təqdim olunmaqdadır - kasadlıq yoxdur.

***

Biz öz səviyyə, əxlaq və sənət defisitini süni qalmaqallarla kompensasiya edə biləcəklərinə inanan, beşdəqiqəlik informasiyaya çevrilmək yanğısı ilə qovrulan səfeh personajların mətbuat və TV-də fasiləsiz nümayişinin gündəlik seyrçisiyik. Bu bədbəxt personajlar onlardan bir zoopark meymunu kimi istifadə olunduğunun fərqində də deyillər, öz ağılsızlıqlarını isə fəxarət yerinə çeviriblər (Bir müğənniciyəz "Eynşteyni tanıyırsan?" sualına "Nəyimə lazımdır? Yox bir Yoxuşteyn" cavabını verir və öz "hazırcavablığ"ına elə sevinir ki!)

Və zombi-yeşiyə, "tusovkalar"a, sarı mətbuata qapalı olmaq bu ölkədə özünəhörmətin göstəricisidir. Fəxr etməliyik ki, Qılman İlkin və Ələviyyə Babayeva bu informasiya məkanının qəhrəmanları deyildilər - deməli, öz dəyərini bilənlər hələ qalıbmış. Fuad Poladovun, Fəxrəddin Manafovun qapalılığı ümid yeridir ki, hələ hər şey məhv olmayıb, yaxşının (əslində isə normal etikanın) nümunələri yaşayır.

Və başqasının şəxsi həyatında eşələnmək iştahasını söndürə bilməyən TV-mətbuat debilizatorları bu insanların həyatını məhv də edə bilərlər - bircə psevdoqalmaqalla, bircə şou ilə. Çünki, həssas qəlblilərin pisliyə və haqsızlığa immuniteti olmur.

Bu isə başqa bir mövzunu aktuallaşdırır - şəxsi həyata müdaxilənin "qırmızı xətt"i harada bitir? Baxır obyektə.

Nümunə kimi Sovet kinosunun başqa bir gözəl aktrisasının - Liliana Alyoşnikovanın (1935-2008) şəxsi faciəsini göstərmək olar. O, xoşbəxt qadın və xoşbəxt aktrisa idi. Kinoda yaratdığı obrazlarla həyatdakı şəxsi keyfiyyətləri üst-üstə düşürdü: saf, namuslu, istilik və xeyirxahlıq şüalandıran. Rejissor ("Mənim yaşadığım ev", "Boz xəstəlik" və s.) və aktyor (ilk rolu 13 yaşında - "Kapitan Qrantın uşaqları"nda Robert Qrant) Yakov Segel ilə ailə həyatı qurandan sonra sənətini müəyyən anlamda ailəsinə güzəştə getdi, 1970-ci illərdə çox az çəkildi, kinoda oynadığı sonuncu rolu isə 1985-ci ildə ərinin çəkdiyi "Yad planetli qadın" (İnoplanetyanka") filmində baş rol oldu.

Sonra quruluş dəyişdi, çətin illər gəldi. 1995-ci ildə Yakov Segel vəfat etdi - əksər istedadlı həmkarları kimi hamı tərfindən unudularaq, ehtiyac içində. Sənət adamlarının məişət problemləri ilə dolu ömür kəsiyi başladı. Sınanlar da çox oldu, əyilənlər də. Liliana Alyoşnikova heç vaxt şikayətlənmədi, özünü gözə soxmadı, diqqət tələb etmədi və özünü yazıq göstərmədi. Qoca, 90 yaşlı anasının qulluğunda duraraq ömrünün əvvəlki kəsimini bir kitab kimi bağlayıb cüzi təqaüdü və yeganə övladının (oğlunun) köməyi ilə ayaqda qalmağa çalışdı. Bütün səs-küydən, "tusovkalar"dan uzaq, qapalı, sakit ömür sürməyə başladı.

10 il onu sakit qoydular. Sonra isə faciə baş verdi. Andrey Malaxov özünün "Pust qovoryat" proqramı üçün Alyoşnikova ilə reportaj hazırlamaq niyyətinə düşdü. Onun niyyəti keçmişin gözəl aktrisasının şəxsi həyatının təfərrüatlarında eşələnmək idi. Müsahibə təklifinə Liliana Alyoşnikova rədd cavabı verdi. Belə olanda, tele-quzğunlar aktrisanın xəbəri və razılığı olmadan onu paparatsi üsulu ilə çəkmək yolunu seçdilər. Aktrisanı yaşadığı binanın qarşısında gəzişərkən gizli kamera ilə çəkib efirə verdilər.

Qocalmış, sağlamlığını əritmiş, ən əsası isə çəkildiyindən xəbərsiz (və ümumiyyətlə, çəkilməyinə razı olmayan) aktrisanın görüntüləri 2008-ci ilin 25 iyulunda efirə verildi. Baş verənlərdən heyrətə gələn və sarsıntı keçirən aktrisanın etirazlarına, sadəcə, güldülər. Mənəviyyatsızların bu əməlindən dərin depressiyaya düşən aktrisa bir daha özünə gələ bilmədi və avqustun 5-də vəfat etdi.

Əlbəttə, telekillerləri bu cür sonluq narahat etmədi. Onlar üçün insan həyatı yox, reytinq əhəmiyyətlidir. Utancaqlıq məktəbi onlara yaddır...

http://kult.az
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb