Qarabağa BÖYÜK KÖÇün qarşısındakı MİNA ƏNGƏLİ... - Ekspert danışır
Sosial
Oxunub: 404
11 may 2022 | 17:45
Qarabağa BÖYÜK KÖÇün qarşısındakı MİNA ƏNGƏLİ... - Ekspert danışır


İşğaldan azad edilən ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi davam etdirilir. Minatəmizləməni əsasən ANAMA həyata keçirməkdədir. Məlumatlara görə, ərazilər nə qədər sürətlə təmizlənsə də, bu proses onilliklər və milyardlarla vəsait tələb edən əməliyyatdır.

Çünki birincisi, Qarabağın demək olar ki, hər qarışı minalı və partlamamış hərbi sursatla doludur. İkincisi, minaların dəqiq yeri bilinmir. Rəsmi Bakının bəyan etdiyi kimi, Ermənistan tərəfindən verilən mina xəritələrinin cəmi 20-25 faizi dəqiqdir. Minaların sayı da qeyri-dəqiqdir. Üçüncüsü isə, Azərbaycan dövlətinin təkbaşına maliyyəni və işçi qüvvəsini çiyinlərinə götürməsi çətindir.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağda 200-dən çox insan minalardan bu və ya digər şəkildə zərər görüb. Ölkə başçısı İlham Əliyev demək olar ki, hər görüşündə məsələni gündəmə gətirir, beynəlxalq təşkilatlara minaların təmizlənməsinə iştirak etmək üçün müraciətlər edir. Hələ ki, beynəlxalq aləmdən, donor təşkilatlarından kütləvi reaksiyanın şahidi deyilik. Az sayda ölkələr və donor təşkilatlar Qarabağda minatəmizləmədə iştirakda maraqlı görünür. Dia.az-ın məlumatına görə, mina problemləri ilə bağlı AYNA-nın suallarını cavablandıran “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, işğaldan azad olunmuş ərazilərdə mina problemi dəhşətli səviyyədədir:

- Təxminən 11 min kvadrat kilometr ərazi işğaldan azad olunub ki, bu, Livan dövlətinin ərazisi qədərdir. Biz o fikirdə deyilik ki, Qarabağın hər nöqtəsində mina var. Amma elə yerlər var ki, oralar həddən artıq minalanıb. Bundan başqa, partlamamış hərbi sursat sayı da çoxdur. 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Birgə Bəyanatdan dərhal sonra Azərbaycan dövləti ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi tapşırığını verib. ANAMA, FHN, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və digər müvafiq qurumların bölmələri mina təmizlənməsi işinə cəlb edilib. 2021-ci ildə, səhv etmirəmsə, 21 min hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Hazırda Qarabağda müvafiq infrastruktur layihələri həyata keçirilir. Avtomobil yolları, dəmir yolları çəkilir, kəndlər bərpa edilir. Layihələr çoxdur və bunları həyata keçirmək üçün mütləqdir ki, ərazi minalardan təmizlənsin.

- Dəqiq rəqəm varmı ki, nə qədər ərazi minalıdır?

- Hələ Vətən müharibəsi başlamamışdan əvvəl “Minalar Əleyhinə Azərbaycan Kampaniyası”nın hesabatına əsasən, Azərbaycan öz ərazisinin minalanma səviyyəsi baxımından ilk onluqda olan dövlət idi. Üzərinə də 44 günlük müharibəni gəlsək, yəqin ki, indi ilk beşlikdəyik. Düzdür, hələlik rəsmi məlumat yoxdur, amma biz belə hesab edirik ki, daha çox minalı ərazisi olan dövlətlərin ilk beşliyindəyik.

Bu gün ərazilər Azərbaycanın dövlət kimi öz gücünə təmizlənir. Düzdür, müəyyən yardımlar var, bəzi dövlətlər yardım edir. Amma bunlar çox kiçik yardımlardır. Çünki minaların təmizlənməsi külli miqdarda vəsait və uzun vaxt tələb edir. Ötən ilin dövlət büdcəsindən minaların təmizlənməsinə yüz milyon manat ayrılmışdı. Bu il də ayrılan məbləğ təxminən o səviyyədədir. Əlbəttə, bu vəsait hesabına çoxlu mina təmizlənməsi üçün texnika alınıb. Məsafədən idarə olunan robotexnikalar gətirilib, minatəmizləyənlər üçün qoruyucu vasitələr alınıb. Artıq bir neçə aydır ki, minların təmizlənməsi üçün dronlardan istifadə edilir.

Məndə olan informasiyaya görə, mina təmizləyənlərin sayı mütəmadi olaraq artırılır. Ölkəyə müvafiq təlimlər görmüş itlər gətirilir. Yəni ki, dövlət mümkün olan nə varsa, edir. Amma minalanma səviyyəsi o qədər böyükdür ki, bu, təkcə Azərbaycanın gücü ilə həll edilən məsələ deyil. Mütləq beynəlxalq yardım olmalıdır, beynəlxalq təşkilatlar, donor ölkələr bu işlərə qoşulmalıdır. Amma təəssüflər olsun ki, son bir neçə ildir mina təmizlənməsi işlərinə ayrılan vəsaitin miqdarı azalma tendensiyasındadır. Bu, məcbur edir ki, səylərimizi artıraq, azalmış donor vəsaitlərindən nəsə ala bilək ki, ərazilərimizi təmizləyək, infrastruktur layihələrini həyata keçirə, qayıdışı təmin edə bilək.

Təsəvvür edin ki, müharibə bitəndən bu günədək 200-dən artıq şəxs minaya düşüb. Bunların içərisində hərbçilərlə yanaşı, mülki insanlarımız da var. Ərazilərdə minalarla yanaşı partlamamış sursatlar, kasetli bombalar var. Bu silahların da qurbanları var ki, biz bir təşkilat olaraq bunun qeydiyyatını aparırıq. Deməyim odur ki, problemimiz çox böyükdür.

- Ölkə Prezidenti də çıxışlarında beynəlxalq təşkilatlara mina təmizlənməsinə köməklə bağlı çağırışlar edir. Beynəlxalq təşkilatlar niyə yardım etmək istəmir?

- Məsələn, Yaponiya və Böyük Britaniya bu və ya digər formada minatəmizləmə işlərinə cəlb edilib. Konkret olaraq, Britaniyanın bir neçə minatəmizləmə şirkəti Azərbaycanda fəaliyyət göstərir. Dronlarla minalı ərazilərin müəyyənləşdirilməsi, təmizləmə əməliyyatı Britaniya şirkətinin iştirakı ilə aparılır. Yaponiya tərəfindən minaların təmizlənməsi işinə cəlb olunmuş Beynəlxalq Avrasiya Mətbuat Fonduna kiçik layihə verilib. Eyni zamanda, minatəmizləməyə yardıma çağırışına İtaliya müsbət münasibət bildirib. Bir neçə gün əvvəl Latviya müsbət münasibət sərgilədi. Fransa, səhv etmirəmsə, beş yüz min avro yardım ayırdı. Sağ olsunlar, təkbətək görüşlərdə onlara təşəkkürümüzü bildirmişik. Amma bizim problemin miqyası o qədər böyükdür ki, beynəlxalq donorların kiçik yardımları o problemin həlli baxımından çox xırdadır. Beş yüz min avro hansısa dövlət ərazisində mina təmizlənməsi üçün böyük məbləğ ola bilər, amma bizim problemin miqyasına görə kiçik məbləğdir.

- Dövlətlərin yanaşmasında ikili standartlar ola bilərmi?

- İkili standartlar deməyək, amma donor dövlətlərin yanaşmasında da fərqlər var. Bütün donor ölkələr eyni ərazidə işləmir. Dünya üzrə müəyyən bölgülər var ki, o bölgülər üzrə addımlar atılır. Bizim bölgə hansı donor dövlətlərin maraq dairəsindədirsə, o dövlətlər müəyyən yardımlar göstərirlər. Məlumdur ki, Qarabağa həyatın qayıtması üçün uzun müddət bərpa-quruculuq işləri aparılacaq. Biz çalışmalıyıq ki, donor ölkələri maraqlandıran layihələrlə çıxış edək ki, onları minaların təmizlənməsinə cəlb edə bilək. Onlara mina təmizlənəndən sonra maraqlı layihələrdə iştirak edə biləcəklərini söyləməliyik.

İndi Qarabağda “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri həyata keçirilir. Orada “Yaşıl enerji” layihəsi planlaşdırılıb. Hökumətin müəyyən etdiyi strateji xətt var ki, ona uyğun olaraq beynəlxalq donor təşkilatlarına təkliflər etməliyik. Donorlara bildirməliyik ki, biz onsuz da bu işi görəcəyik, ərazilərimizi minalardan təmizləyəcəyik. Amma istəyimiz odur ki, bu iş daha sürətlə görülsün, daha tez həllini tapması üçün tərəfdaşlarımız çox olsun. Ərazilər minalardan təmizləndikdən sonra həyata keçirilən layihələrdə daha çox donor təşkilatlar, dövlətlər iştirak etsin.

- Hazırkı təmizlənmə sürəti ilə ərazilər minalardan tam olaraq neçə ilə təmizlənə bilər?

- Müddəti konkret demək mümkün deyil. Bilirsiniz ki, ötən il Azərbaycanın təzyiqlərindən, beynəlxalq faktorların yanaşmasından sonra Ermənistan üç partiyada minalanmış ərazilərin xəritələrini verdi. Ağdam, Füzuli-Zəngilan üzrə, sonra da digər regionlar üzrə xəritələr təqdim olundu. Xəritələrə əsaslansaq, ərazilərdəki minaların sayı təxminən iki yüz mindir. Sonra aydınlaşdı ki, verilmiş xəritə heç də doğru deyil. Xəritələrdə mina sayı yalnız 25 faiz reallığı əks etdirir. Bunun üzərinə də müharibə dövründən qalan partlamamış hərbi sursatları gəlmək lazımdır. Bundan başqa, hələlik azad olunan ərazilərdə rəsmi tədqiqat aparılmayıb. Biz konkret nə qədər mina olduğunu, nə qədər əraziləri əhatə etdiyini, hansı ərazilərdə minaların sıx, hansılarda seyrək olduğunu bilmirik. Bu baxımdan minalardan tam təmizlənmənin müddətini və konkret nə qədər maliyyə vəsaitinin lazım olduğunu deyə bilmirik.

Bu gün bizim minatəmizləyənlər sözün həqiqi mənasında fədakarlıq etməkdədirlər. Ərazini qarış-qarış yoxlayırlar ki, sonradan hansısa faciə yaşanmasın. Ərazidə metal qırıqları həddindən artıq çoxdur. Məlumdur ki, mina axtaran cihazlar da metala həssasdır. Təsəvvür edin ki, minatəmizləyən hər siqnala reaksiya verir, onun nə olduğunu dəqiqləşdirir. Bu, asan iş deyil. Eyni zamanda, o, səhlənkarlıq da edə bilməz. Mina təmizləyən şəxs həyatında bir dəfə səhv edir. Deməyim odur ki, sözün həqiqi mənasında qarış-qarış irəliləyirik.

- Səhv etmirəmsə, ən çox minalı ərazilər Ağdam və Füzuli rayonlarındadır…

- Minalar ən çox “Ohanyan səddi” deyilən ərazilərdə mövcuddur. Hansı ki, bu xətt Araz çayından başlayıb Kəlbəcərdə bitirdi. Təxminən 280-300 kilometrlik bir ərazidir. Orada ermənilər dəhşətli dərəcədə minalanma əməliyyatı aparıblar, çox sıx minalanma mövcuddur. Amma bu, o demək deyil ki, digər ərazilərdə minalar yoxdur, seyrəkdir və s. Rəsmi məlumatsız, analizlə demək mümkün deyil ki, haralarda daha çoxdur, harada yoxdur. Xəritə veriblər, orada Ağdamda 97 min, Füzuli-Zəngilanda 92 min mina göstəriblər. Amma bu, dəqiq rəqəm deyil. Eyni zamanda, bu xəritələrin 75 faizi saxtadır. Məsələn, biz Suqovuşanda minaların təmizlənməsini müşahidə etdik, orada təşkilat olaraq monitorinq keçirirdik. Təsəvvür edin ki, 200 metrlik yerdə 15 mina xətti vardı. Talış istiqamətində elə yerlər vardı ki, minalar gözlə görünürdü, heç basdırmamışdılar da. Gözlə görünən minalar Füzulu, Ağdam, Zəngilan istiqamətində də var.

- Yəqin ki, həmin minalar Üçtərəfli Birgə Bəyanatdan sonra çıxmaları üçün verilən vaxtda yerləşdirilib...

- Əlbəttə, çıxmaları üçün verilən vaxtdan da mənfurcasına istifadə etdilər, minalar yerləşdirdilər. Bunu ermənilər heç gizlətmirlər də. Keçən il bir erməni polkovnik müsahibəsində açıq şəkildə demişdi ki, Kəlbəcərdən çıxanda 17 maşın mina basdırıb. Bildirdi ki, həmin minaların yerini ondan başqa heç kim bilmir, ancaq onun tələbləri yerinə yetirilsə, minaların yerini deyə bilər. Biz onun dediklərini bütün beynəlxalq təşkilatlara göndərdik, müraciət etdik. Verilmiş vaxtı ermənilər belə əməllərə sərf etdilər, Ağdamda, Kəlbəcərdə, Laçında minalar basdırdılar, evləri, meşələri yandırdılar.

- Sosial şəbəkələrdə belə iddia gördüm ki, xarici minatəmizləmə şirkətləri var ki, gəlib Qarabağda bu işləri görmək istəyirlər, amma onlara qeydiyyat kimi məsələlərdə maneələr yaradılır...

- Açığı, bu barədə nəsə eşitməmişəm, şahidi də olmamışam. Belə şikayət edən şirkətlər də rastıma çıxmayıb. Bildiyim odur ki, Azərbaycan hökumətinə minatəmizləmədə iştirak etmək istəyən təşkilatlar üçün ən yüksək şəraitin yaradılması tapşırığı verilib. Ölkə başçısı tərəfindən beynəlxalq təşkilatlar ölkəmizə dəvət edilib. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti ilə görüşdə də bu məsələni qaldırdı. Ölkə başçısı səviyyəsində belə bir müraciət, dəvət olubsa, hansısa sənədləşmə işində o təşkilatlara əngəl yaradıla biləcəyinə inanmıram.
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest