Azərbaycan Zəngəzurdan məcburi dəhliz açacaq - Başqa yolu YOXDUR!
Siyaset
Oxunub: 308
8 in 2022 | 16:53
Azərbaycan Zəngəzurdan məcburi dəhliz açacaq - Başqa yolu YOXDUR!


"BMT nizamnaməsi buna imkan verir" Azərbaycan və Ermənistan arasında kommunikasiyaların bərpası ilə bağlı təkliflərin əksəriyyəti razılaşdırılıb.

Ancaq Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir və avtomobil yollarının inşası istiqamətində Ermənistan tərəfi heç bir addım atmır. Yəni rəsmi İrəvan xüsusilə son vaxtlar kommunikasiyaların blokdan açılacağına dair Azərbaycanla anlaşmaya nail olduğunu bildirsə də, heç bir əməli addım atmır.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasına dair ən yüksək səviyyədə razılaşma Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş görüşündə əldə olunub. Görüşün nəticələri ilə bağlı yayılan məlumatda qeyd edilir ki, liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər.

"Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər".

Mayın 27-də isə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə məsələləri müzakirə edəcəyini bildirmişdi. Qriqoryan əlavə edib ki, söhbət Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 (10) noyabr tarixli üçtərəfli Bəyanatının 9-cu bəndində və 2021-ci il 11 yanvar Bəyanatında göstərilən razılaşmaların həyata keçirilməsindən gedir.

Qeyd edək ki, Ermənistan indiyə qədər 10 noyabr Bəyanatının 9-cu bəndində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yaynmaqla Zəngəzur dəhlizinin açılmasına mane olur. Həmin bəndin mətni isə belə razılaşdırılıb:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Artıq iyunun 4-də Moskva şəhərində birgə işçi qrupunun iclasının keçirilməsi tərəflərin, məhz 10 noyabr, 11 yanvar və Brüssel razılaşmaları üzrə öhdəliklərin icrasını müzakirə etdiyini deməyə əsas verir. Azərbaycan tərəfi artıq uzunluğu 110,4 kilometr təşkil edən Horadiz-Ağbənd dəmir yolunun inşasını yekunlaşdırmaq üzrədir. Lakin yolun Ermənistan ərazisindən keçən 45 kilometrlik Meğri-Arazdəyən hissəsində heç bir təmir-bərpa işlərinə başlanılmayıb. Bu yolun tikintisi üçün 200 milyon dollar vəsait tələb olunur. Ancaq Ermənistanın prosesi ləngitməsi yalnız maliyyə problemi ilə bağlı deyil. Rəsmi İrəvan Azərbaycanın və Türkiyənin Zəngəzur üzərində geosiyasi nüfuzunun artmasından ehtiyatlanaraq öhdəliyin icrasından yayınır. Yəni Ermənistanın kommunikasiyaların açılmasına maraq göstərməməsi daha çox siyasi səbəblə bağlıdır. Hətta Ermənistan dəmir yolunun açılmasına nəzəri baxımdan razılıq versə də, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında avtomobil yolunun bərpasına etiraz edir. Bu isə Azərbaycanı İran ərazisindən keçməklə alternativ marşrutdan istifadə etməyə məcbur edə bilər. Ona görə də həm Brüsseldə, həm də Moskvada keçirilən danışıqlar Ermənistana verilən son seçim imkanı kimi dəyərləndirilə bilər. Qeyd edək ki, Rusiya hökuməti Moskva görüşündə Azərbaycan və Ermənistan arasında ortaq mövqeyə gəlindiyini bildirib.

"Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri - Aleksey Overçukun, Şahin Mustafayevin və Mher Qriqoryanın birgə sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə ediblər və mövqelərini yaxınlaşdırıblar".

Rusiya Federasiyası hökumətinin saytında belə yazılıb. “Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər”, - deyə xəbərdə bildirilir.

Baş nazirlərin müavinləri həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər:

“Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər”.

Politoloq Əziz Əlibəylinin fikrincə, əslində kommunikasiyaların açılması məsələsində Rusiyanın və Avropa İttifaqının mövqeyi üst-üstə düşür. O, “Cümhuriyət”ə bildirib ki, ancaq prosesin gerçəkləşməsinə mane olan dairələr də var:

"Görüşlərin, müzakirələrin davam etməsi müsbətdir. Amma onun daxilində bəzi detallar qarışıqlıq yaradır. Ermənistan tərəfi dərhal kommunikasiyalar məsələsinin gündəmdə olmadığını bəyan edir. Bu prosesi bütövlükdə Qarabağ məsələsinin tərkib hissəsi kimi təqdim edirlər. Ümumilikdə baş nazirlərin müavinlərindən ibarət işçi qrupunda hansı nəticələrin əldə olunduğuna dair sualın cavabı hələ yoxdur. Belə olan halda cinayətkar rejimin nümayəndəsi Artak Beqlaryan Rusiya informasiya agentliyinə müsahibə verir. Burada kifayət qədər təxribatlar var, bundan dərhal sonra Azərbaycanın qərarına Beqlaryan yenə münasibət bildirir. Bu fikri də qabartmağa başlayırlar. Qeyd edim ki, Rusiya Baş nazirinin müavini Overçukun sədrlıiyi ilə işçi qrup 10-cu iclasını keçirib. Tərəflər sərhəd, gömrük, nəzarət-buraxılış, avtomobil və dəmir yolları, nəqliyyat, təıhlükəsizlik məsələlərini müzakirə ediblər. Hətta dəmir yolunun avtomobil yolunun paralel çəkilməsi gündəlikdə olub. Nəticə etibarı ilə, mövqelərin yaxınlaşdığı bildirilir. Ermənistan tərəfindən iki prosesin baş verməsi, yəni bir tərəfdən Artak Beqlaryanın müsahibəsi, digər tərəfdən Paşinyanın istefası tələbi ilə mitinqlərin kəskinləşməsi Moskva görüşlərində irəliləyişin baş verdiyini göstərir. İkincisi, Brüsseldə, Ermənistanda və Rusiyada Brüssellə Moskvanı üz-üzə qoyacaq xüsusi qüvvələr var. Bütövlükdə müəyyən irəliləyişlər olduğuna görə həmin qüvvlər danışıqların "dalana dirənməsi" üçün bütün "kartları" oynayır. Məqsəd isə Rusiya ilə Avropa İttifaqını qarşı-qarşıya qoymaqdır".

Ekspert bildirdi ki, 10 noyabr Bəyanatından ötən dövrdə həm Moskva, həm də Brüssel əldə olunmuş razılaşmalarda ciddi fərqlər olmayıb. Yəni razılaşmaların məzmunu üst-üstə düşür. Mövqelər-üst-üstə düşdüyünə görə Rusiya və Brüsselin ayrılıqda müzakirə aparıb ortaq variant axtarmasına ehtiyac qalmır.

"Müşahidə olunan vəziyyət bundan ibarətdir ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı layihələri maliyyələşdirir. Yəni Avropa bu prosesdə maliyyəçi, Rusiya isə təşkilatçıdır. Bunların ziddiyyət təşkil edən tərəfi isə yoxdur".

Lakin xatırladaq ki, Cənubi Qafqaz Dəmir Yolunun konsessiyası Rusiyaya məxsusdur. Bu halda Avropa İtifaqının həmin yolun inşasını maliyyələşdirməsi üçün Rusiyanın icazəsi lazımdır. Bu maraqlar toqquşmasına səbəb olacaqmı?

Əziz Əlibəylinin sözlərinə görə, hazırda həm Avropanın, həm Rusiyanın bu xərclərə iqtisadi ehtiyacı var:

“Bu ehtiyac Rusiyanın "3+3" formatı çərçivəsində bölgədə iştirakçılığına, Avropa İttifaqının da Zəngəzur dəhlizi üzərindən tranzit fəaliyyətinə imkan verməlidir. Söhbət eyni coğrafiyada, eyni nəqliyyat xətlərindən gedir. Amma yolun təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunmasına Avropa razılaşsa, burada da maraqlar toqquşması olmayacaq".

Qeyd edək ki, Ermənistan mətbuatının iddiasına görə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Zəngəzur rayonunun dağlıq ərazilərində xeyli irəliləyib:

“44 günlük müharibədən sonra Bakı 45 kvadratmetrdən çox ərazini tutub. Bunlar rəsmi məlumatlardır. XİN-in erməni hərbçisinin ölümü ilə bağlı yaydığı son bəyanatda bildirilir ki, 2021-ci ilin may ayından Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanda 45 kvadratmetrdən çox ərazini tutub".

Bu məlumat Ermənistanın Zəngəzurdan kommunikasiyaların açılmasına icazə verməyəcəyi təqdirdə, bu öhdəliyin Azərbaycan tərəfindən məcburi təmin edilə bilməsi ilə bağlı sualı gündəmə gətirir. Politoloq bildirdi ki, BMT nizamnaməsinin 51-ci maddəsinə istinadən, Azərbaycan Zəngəzur ərazisindən Naxçıvanın təhlükəsilziyini təmin etmək üçün dəhliz aça bilər:

"Bunu da Azərbaycanın təhlükəsilik problemləri şərtləndirir. Eyni zamanda bunu Türkiyənin əks istiqamətdə hərəkəti də reallaşdıra bilər. Üçüncü amil Suriya məsələsi ilə bağlıdır. Əgər Rusiya ilə Azərbaycan Suriya məsələsində razılaşarsa, Ermənistan Zəngəzur dəhlziinə veto qoya bilməyəcək. Ona görə də Ermənistanın bu yolu açmaqdan başqa yolu qalmır".

Amma Rusiya Suriyadakı qoşunlarını çıxartsa, o zaman Yaxın Şərqdəki hərbi bazaları ilə quru əlaqəsi yaratmaq üçün strateji əhəmiyyət daşıyan Şimal-Cənub nəqliyyat dəhlizinə Rusiyanın marağının azalacağı istisna edilmir. Əziz Əlibəyli isə hesab edir ki, Rusiyanın Susiyadan qoşunlarını çıxartması hələ bu ölkədən imtina etməsi demək deyil:

"Suriyadakı bazalar Rusiyanın Aralıq dənizinə çıxması və hərbi-siyasi ekspansiyası üçün vacibdir. Quru xətt isə Zəngəzur dəhlizidir. Bu marşrutun İran istiqamətindən keçməsi də mümkün ola bilər. Onu gələcək göstərəcək. Rentabillik baxımdan, Zəngəzur dəhlizindən nə Rusiya, nə Türkiyə, nə Avropa imtina etmək niyyətindədir".
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO