Xankəndi ilə bağlı Bakının həll planı nə? - HƏQİQƏTƏN DƏ...
Siyaset
Oxunub: 471
16 dek 2021 | 17:23
Xankəndi ilə bağlı Bakının həll planı nə? - HƏQİQƏTƏN DƏ...


Ötən həftəsonu Qarabağda separatçıbaşı Araik Arutyunyanın, hələ də özünü “parlament spikeri” kimi təqdim edən Artur Tovmasyanın, eləcə də “xarici işlər nazirliyi”nin Qarabağda 30 il əvvəl keçirilmiş qondarma “müstəqillik referendumu” ilə bağlı ayrı-ayrı müraciətləri yayılıb. Hər üç müraciətdə “artsax”ın heç vaxt Azərbaycanın tərkibində olmayacağı", “mübarizə davam edir” və sairə kimi sərsəm ifadələr yer alır. İçi boş bəyanatlar olsa da, Qarabağa qayıtmış ermənilərin əhval-ruhiyyəsinin göstəricisi kimi diqqət çəkir.

Arutyunyanın müraciətində bəzi məqamlar da var. O, Rusiya prezidentinə təşəkkür edib və “sülhməramlıların ”artsax"da mövcudluğuna təminat verilənə və sülhməramlı qüvvələrə ehtiyac aradan qalxana qədər bölgədə qalmasının vacibliyini" bildirib. İcma rəhbərinin müraciətindən anlaşılır ki, ermənilər qanunsuz silahlıların bölgədən çıxarılması barədə 10 noyabr razılaşmasını yerinə yetirmək fikrində deyillər. “Təhlükəsizliyin təmin edilməsi üçün müdafiə ordusunun imkanlarını ardıcıl inkişaf etdirilməliyik. Son bir ildə artıq müəyyən nəzərəçarpacaq işlər görülüb, ildən-ilə biz öz təhlükəsizlik mexanizmlərimizin effektivliyini artıracağıq”.

Bu bəyanatlardan həm də o aydın olur ki, bir neçə ay əvvəllə müqayisədə ermənilər bir az arxayınlaşıb, Rusiya sülhməramlılarına güvənləri artıb və bu səbəbdən dilləri də uzanıb.

Ermənilərin məskunlaşdıqları ərazilərlə bağlı Bakının yaxın illər üçün hansı həll planı olduğu haqda bilgi yoxdur. Xankəndinə dəmir yolu xətti çəkmək barədə qərarlılıq yaxşı haldır. Hamı onu da başa düşür ki, 30 illik münaqişənin nəticələrini, 100 illik erməni düşmənçiliyini aradan qaldırmaq asan iş deyil. Tərəflər bu iş üçün ilkin olaraq 5 il zaman götürüblər və sülhməramlıları da bu müddətə dəvət edilib. Bəlkə də daha 5 il də lazım olacaq, bu barədə də düşünmək və qərar vermək lazım gələcək. Amma razılaşaq ki, hər şey bu cür qala, bu cür davam edə də bilməz. Əks halda, biz yeni “status-kvo” ilə üzləşə bilərik. O halda Bakının Xankəndi (Qarabağa qayıtmış ermənilərlə bağlı) ilə bağlı hansısa proqramı, təklifləri varmı, bundan sonra nə olacaq?

DİA.AZ xəbər verir ki, professor Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, Bakının susmasının iki mənası var: “Birincisi, Prezident İlham Əliyev birmənalı açıqlama verdi ki, status olmayacaq. Ondan əvvəl isə milli-mədəni muxtariyyət dilə gətirilirdi, onun da üstündən keçildi. Böyük ehtimalım odur ki, Bakı gərginliyi artırmamaq, bu məsələnin üzərinə getməmək xətti götürüb və Rusiya ilə Azərbaycan arasında olan bir məsələdir. Təbii ki, separatçı güclər Rusiya mətbuatında çıxan məqalələrdən, sülhməramlılardan həvəslənirlər. Amma diplomatik mübarizə gedir və asan məsələ deyil”.

T.İsmayılın fikrincə, Bakı azad edilən ərazilərin qurulması, minaların təmizlənməsi ilə məşğuldur və hələlik prioritet məsələlər bunlardır: “Əhalini yerləşdirdikdən sonra digər məsələlərə də baxılmasına başlanacaq. Digər tərəfdən, Azərbaycan rəsmilərinin susqunluğu separatçıları müəyyən qədər ruhlandırır və bizi qıcıqlandırmağa çalışırlar, bayrağımızı ayaqlar altına atırlar ki, səsimizi çıxaraq. Amma Rusiya sülhməramlıları müvəqqətidir və arxayınlaşmaq olmaz. Nədənsə hər kəs onların qalıcı olması havasına girib”.

Politoloq deyir ki, o da Xankəndi ilə bağlı proqramın açıqlanmamasını əksiklik kimi görür: “Bunun mexanizmi, forması necə olacaq, birgəyaşayış məsələsi ilə bağlı ictimaiyyətə bildirilməlidir. Könül istərdi ki, Bakı açıqlama verəydi, amma gözləmə taktikası var və məqsəd Azərbaycanın haqlı olduğunu, separatçıların bölücü mahiyyətini ortaya qoymaqdır. Erməni tərəfinin provokativ, qışqırdıcı mövqedə dayandığını göstərməyə çalışırıq”.

Müsahibimizin sözlərinə görə, hazırda Azərbaycan Xankəndi məsələsindən daha çox kommunikasiyaların açılmasına ağırlıq verir: “Kommunikasiyaların açılması ciddi prosesdir. Ermənilər qışqırırdı ki, bizi blokadaya salıblar, indi qəbul etməyə məcbur qalıblar. Beynəlxalq platformada da 3+2 artıq qəbul edilməkdədir. Görünən budur ki, Azərbaycan beynəlxalq müstəvidə iş aparır, daha sonra içəridəki məsələni həll etməyə çalışacaq. Yəni ətrafa əhalini yerləşdirməklə prosesi həyata keçirmək istəyir”.

DİA.AZ xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a dedi ki, bir ildən çoxdur müharibə başa çatıb, amma Azərbaycanın nəzarət etmədiyi həmin ərazilərində suverenliyi necə təmin edəcəyi qeyri-müəyyən olaraq qalır: “Yalnız üçtərəfli bəyanatın bir bəndində göstərilir ki, bölgədə sülhməramlı 5 il qalacaq, lakin sonra suverenliyimiz necə təmin olunacaq, bax, o bilinmir. Bununla bağlı digər addım Qarabağ iqtisadi zonası yaradılması, Xankəndi və ətraf ərazilərin ora daxil edilməsidir. Həmçinin Prezidentin köməkçisi Emin Hüseynovun Xankəndinə nümayəndə təyin edilməsidir. Üçüncü məsələ isə Stokholmda xarici işlər nazirimiz vurğuladı ki, erməni silahlıları ərazilərimizdən çıxmayıblar, yəni rəsmi mövqe idi. Bundan o tərəfə heç nə yoxdur və zaman nöqteyi-nəzərindən xeyrimizə işləmir”.

İ.İsmayıl xatırlatdı ki, bugünlərdə qondarma rejimin “parlamentinin təhlükəsizlik komissiyası” layihə hazırlayıb: “Layihə budur ki, polis qoşunları yaradılsın. Deməli, 10 min silahlı qüvvənin forması dəyişəcək. Nəticədə silahlı qüvvələr qalır, həmin arsenalla polis yaradılır. Yəni forma dəyişir, mahiyyət yox... Hətta deyilir ki, ”ölkənin müdafiə qabiliyyətinin artırılması üçün" bu addım atılır. Polis nə vaxtdan müdafiə işini görür? Bu, ordunun və təhlükəsizlik qüvvələrinin işidir. Ancaq bundan sonra sülhməramlı deyəcək ki, erməni silahlı qoşunları çıxıb, Putin də deyib ki, “status-kvo” qalır və belə davam edə bilərlər. Hətta onların “ombudsman”ı deyir ki, Ermənistan deputatlarının Xankəndinə gəlməsinə Azərbaycanın etirazı olmamalıdır, öz respublikamızdır".

Ekspert Azərbaycan rəsmilərinin sükutunu anlaya bilmədiyini qeyd etdi: “Niyə rəsmilərimiz demir ki, Kərkicahanda, Xocalıda evlər tikəcəyik? Rəsmi mövqe olmadıqca separatçılar ruhlanırlar və deyirlər ki, getməyəcəklər. Hətta bu yaxınlarda bir erməni bölüyü 24 saat İsa bulağında qaldı, sülhməramlı da atəş açmağımıza imkan vermədi. Bunun nəticəsi Qarabağın dağlıq ərazisi ilə bağlı siyasi mexanizmi göstərməməkdir. Putin deyir ki, 53 min qaçqın qayıdıb. Amma 53 minin heç biri azərbaycanlı deyil. Bu, Rusiyanın Ermənistan qarşısında etimad qazanmaq istəyinin nəticəsidir.

“Biz qaçqınlar qayıtmalıdır” deyəndə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini nəzərdə tutmalıyıq. Amma bu haqda rəsmi mövqe yoxdur, heç perspektivi barədə deyilmir. İctimaiyyətə açıqlanmır ki, hansı mexanizmlə qayıdırıq. Mən demirəm ki, torpağı güzəştə getmişik. Sadəcə, qələbənin maddi və mənəvi tərəflərindən istifadə etməliyik. Təəssüf ki, parlamentdə də bu haqda danışan olmayıb və qeyri-müəyyənlik davam edir. Hətta “Xankəndi satılıb” kimi əhval-ruhiyyəni korlayan fikirlər səslənir. Biz Xocalıda quruculuq işlərinə başlamalıyıq, sülhməramlı təhlükəsizliyi təmin etməlidir və ora mühəndis, işçi qüvvəsi göndərməliyik. Bu cür açıqlamalar olmasa, Araik kimilər də ruhlanacaqlar".
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi