"Arif Hacılı partiyasının güclənməsini istəmir" - MÜSAVAT
Siyaset
Oxunub: 1 239
3 mar 2015 | 12:20
"Arif Hacılı partiyasının güclənməsini istəmir" - MÜSAVAT

"Arif Hacılı başqan olduqdan sonra bu partiya nə ilə məşğul olub? Heç nə ilə! Partiyanın gündəmdə qalmasının səbəblərindən biri ADR Hərəkatını söymək, tənqid etmək olub. Mən qurultaydan sonra partiyanın fəaliyyətini görmürəm. Yalnız bir dəfə mitinq keçiriblər və bunun da nəticəsi gözümüz qarşısında olub. Bundan başqa fəaliyyətləri isə ADR-i söymək olub. Əgər bu müddətdə hərəkatı tənqid etməsələr, bizə qarşı çıxışları olmasaydı, yəqin ki, Müsavatın gündəmdə qalması mümkün olmayacaqdı. Onların bundan savayı fəaliyyət növü sanki yoxdur".

Bunu Teleqraf.com-a müsahibəsində ADR Hərəkatının İdarə Heyətinin üzvü, İsa Qəmbərin sabiq müşaviri Hüseyn Məlik bildirib. Azerinfo.azhəmin müsahibəni təqdim edirik.

- Hüseyn bəy, Demokratiya və Rifah Hərəkatı hazırda hansı istiqamətdə fəaliyyət göstərir, yaxın dövr üçün hədəfləriniz nədən ibarətdir?
- Aprelin ortasına qədər hədəfimiz iyirmi rayonda hərəkatın təsis yığıncaqlarını keçirməkdir. Hazırda təşkilati işlərlə məşğuluq. Hesab edirəm ki, iyirmi rayon təşkilatını yarada biləcəyik.

- Əldə etdiyimiz məlumata görə, hərəkatın sədri Qubad İbadoğlu 5 ay müddətinə ölkədə olmayacaq. Bu, nə qədər doğru informasiyadır?
- Bəli, Qubad bəy qarşıdan gələn beş ay ərzində Bakıda olmayacaq. Bu müddətdə hərəkat sədrin birinci müavini tərəfindən idarə ediləcək. Hesab edirəm ki, bununla bağlı hər hansı bir problem olmayacaq.

- Bu necə hərəkatdır ki, sədr beş ay ölkədə olmayacaq?
- Qubad bəy ciddi mütəxəssisdir, proqram əsasında Amerikaya gedib. O, Amerikaya məhz hərəkatın sədri qismində gedib. Biz bunu müsbət dəyərləndiririk. İkincisi, biz əsrin əvvəlində və ya feodalizm quruluşunda yaşamırıq. İndi informasiya texnologiyaları inkişaf edib. Biz mütəmadi əlaqə saxlayacağıq, fikir mübadiləsi aparacağıq. Qubad İbadoğlu burada olmadığı müddətdə isə hərəkata Vurğun Əyyub rəhbərlik edəcək. Vurğun bəy uzun illərdir siyasətdədir və böyük təcrübəyə malikdir. Odur ki, bununla bağlı heç bir problem yaranmayacaq.

- Hüseyn bəy, hərəkatın ofisi varmı, yoxsa səyyar fəaliyyət göstərirsiniz?
- Müvəqqəti olaraq Qubad İbadoğlunun keçmiş ofisində əyləşirik, fəaliyyəti də orada həyata keçiririk. Ancaq fikrimiz var ki, ofisimizi dəyişək. Düşünürük ki, bu, gələcəyin işidir. Çünki indiki ofis binanın dördüncü mərtəbəsində yerləşir və bu da bir qədər uyğun deyil. Ancaq bütün hallarda indi oturub işləmək, toplantılar keçirmək üçün qərargah mövcuddur.

- ADR-in siyasi partiyalara münasibəti necədir?
- Biz ADR olaraq bütün siyasi qüvvələrlə bərabər məsafədə dayanırıq. Heç bir partiyaya münasibətimiz mənfi deyil. Çalışırıq ki, bütün siyasi qüvvələrlə normal münasibətlərimiz olsun.

- Siz siyasi təşkilatsınız, yoxsa ictimai hərəkat?
- Biz Demokratiya və Rifah Hərəkatını qurmuşuq. Bu, siyasi təşkilat deyil.

- Bəs niyə qarşıdan gələn seçkilərdə iştirak etmək istəyinizi açıq ifadə edirsiniz?
- Nəzərə alın ki, Azərbaycan seçki sistemində proporsional seçkilər yoxdur. Bizdə majoritar seçki sistemi mövcuddur. Bu zaman da hərəkat üzvlərindən kimlərsə fərdi şəkildə öz namizədliyini verə bilər. Lakin ADR Hərəkatı bir təşkilat kimi seçkilərdə iştirak etmir. Ola bilsin ki, Vurğun Əyyub və ya kimlərsə namizədliyini irəli sürsün.

- Siz namizədliyinizi irəli sürəcəksiniz?
- Mənim namizəd olmaq fikrim var idi. Qərarım belə idi ki, 29 saylı Səbail ikinci seçki dairəsindən namizəd olum. Ancaq hələlik qərarım yoxdur. Hesab edirəm ki, seçki qanunvericiliyində islahatlar aparılsa, seçkidə iştirak edəcəyəm. Yox, əgər vəziyyət indiki kimi olacaqsa, namizədliyimi irəli sürməyəcəyəm.

- Sizcə, Arif Hacılının deputat seçilməsi ehtimalı çoxdur, yoxsa Qubad İbadoğlunun?
- Qubad İbadoğlu birmənalı deməyib ki, qarşıdan gələn parlament seçkilərində namizəd olacaq. O, hələ namizədliyini irəli sürmək haqda düşünmür. Səhv etmirəmsə, ilk bəyanatında bildirmişdi ki, qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcək. Vurğun Əyyub da deməyib ki, namizədliyini irəli sürəcək. Sadəcə, bildirib ki, ötən seçkilərdə Suraxanıdan namizəd olub və indi də dostları məsləhət görür ki, yenidən namizədliyini bu dairədən irəli sürsün. Ancaq özünün namizədliyini irəli sürüb-sürməyəcəyi bəlli deyil.

- Demək, hərəkatın seçkilərlə bağlı yekun qərarı yoxdur.
- Yekun qərar yoxdur. Ümumi fikir belədir ki, kim istəsə, namizədliyini irəli sürə bilər. Ancaq bildiyim qədər əksəriyyət parlament seçkilərində iştirak etmək istəmir. İnsanlar parlament seçkilərində iştiraka həvəsli deyil.

- Ancaq çox böyük həvəslə təşkilatlanırsınız...
- Bəli, çox böyük həvəslə təşkilatlanırıq və güclənirik. Hesab edirəm ki, bu proses artan templə davam edəcək. Parlament seçkilərində iştirak etməmək o demək deyil ki, biz güclənməyəcəyik.

- Müsavat Partiyasında olanlar isə deyirlər ki, sizlər çox böyük həvəslə partiyanı dağıdırsınız.
- Müsavatın dağılmasının mənə nə aidiyyəti var? Ümumiyyətlə, Müsavat var? Beş-on nəfər toplaşıb, foto çəkdirib sosial şəbəkələrdə paylaşırlar. İkincisi, biz Müsavatı dağıtmırıq, əksinə, istəyirdik ki, Müsavat bir siyasi partiya olaraq güclənsin. Biz ADR olaraq Müsavatın güclənməsini istəyənlərik, nəinki onlar.

- Ancaq istəsəniz də, partiyanı gücləndirə bilmədiniz. Niyə?
- Ona görə ki, bunu istəmədilər. Mənə elə gəlir ki, Müsavatın yeni seçilən rəhbərliyinin də marağı yoxdur ki, partiya daha da güclənsin.

- Təəccübə səbəb olacaq fikirlər deyirsiniz. Nədən partiya rəhbərliyi təşkilatın güclənməsini istəməsin və ya bunda maraqlı olmasın?
- Mən subyektiv fikirlərimi deyirəm. Müşahidəm belədir ki, onlar istəmirlər ki, partiya güclənsin.

- İsa Qəmbər istəmir?
- Müşahidələr göstərir ki, İsa Qəmbər daha çox Düşüncə Mərkəzi deyilən qurumda fəaliyyət göstərməyə meyillidir və bu da artıq hiss olunur. Hər halda bu onların şəxsi işidir. Mən bu haqda ümumiyyətlə danışmaq istəmirəm.

- Siz partiyadan istefa verdiniz, Divan isə Qubad İbadoğlunu partiyadan xaric etdi. Bəs Qubad İbadoğlu niyə Düşüncə Mərkəzindən çıxmır və İsa Qəmbərin komandasında olduğunu hələ də nümayiş etdirir?
- Bunu Qubad İbadoğlunun özündən soruşun. Mənim bu haqda söz deməyim etik baxımdan doğru olmazdı. Ancaq bildiyim qədər, Qubad İbadoğlu İsa Qəmbərin sədri olduğu Düşüncə Mərkəzinin toplantılarında iştirak etmir. Yəni adı orada olsa da, özü orada yoxdur. İlkin dövrlərdə bir-iki iclasa getdi və sonradan orada fəaliyyət göstərməyib. Düşüncə Mərkəzində də 5-10 nəfər var.

- Bir zamanlar deyirdiniz ki, sizin siyasi perspektiviniz İsa Qəmbərlə bilavasitə bağlıdır. Hətta 2 il əvvəl İsa Qəmbərin başqanlıqdan getməsinə qarşı idiniz. İndi isə tam başqa fikirdəsiniz. Mövqeyinizi niyə qəfil dəyişdiniz, yoxsa bu, uzun müddət apardığınız təhlillərin nəticəsidir?
- Mən ümumiyyətlə, bu mövzuda danışmaq istəmirəm. Heç nə deyə bilmərəm.

- İndi ADR-lə Müsavatın münasibətləri necədir və sizlər bu münasibətlərin sivil məcraya düşməsində nə qədər maraqlısınız?
- Müsavatın ADR-lə münasibətlərinin normal durumda olmasında qarşı tərəf maraqlı görünmür. Hər halda mən bunu görmürəm. Arif Hacılı başqan olduqdan sonra bu partiya nə ilə məşğul olub? Heç nə ilə! Partiyanın gündəmdə qalmasının səbəblərindən biri ADR Hərəkatını söymək, tənqid etmək olub. Mən qurultaydan sonra partiyanın fəaliyyətini görmürəm. Yalnız bir dəfə mitinq keçiriblər və bunun da nəticəsi gözümüz qarşısında olub. Bundan başqa fəaliyyətləri isə ADR-i söymək olub. Əgər bu müddətdə hərəkatı tənqid etməsələr, bizə qarşı çıxışları olmasaydı, yəqin ki, Müsavatın gündəmdə qalması mümkün olmayacaqdı. Onların bundan savayı fəaliyyət növü sanki yoxdur. Bir daha deyirəm ki, onların gündəmdə qalmasının əsas səbəbi ADR Hərəkatıdır. Fikrimcə, onlar hələ bir müddət ADR Hərəkatını söyməkdə davam edəcəklər.

- Müsavat Partiyasına yaxşı bələdsiniz. Müsavatın rayon təşkilatları haqda nə deyə bilərsiniz?
- Hesab edirəm ki, Müsavatın rayon təşkilatlarının nisbətən normal hissəsi ölkənin şimal və cənub bölgəsindədir.

- İndi Müsavatla ADR Hərəkatı arasında say davası başlayıb. Sizin hərəkatda nə qədər müsavatçı var, doğrudanmı, təsis konfransınızda 10-20 müsavatçı iştirak edib?
- Mən bunu konkret deyə bilmərəm. Ancaq ümumilikdə hərəkatın üzvlərinin 70-80 faizi müsavatçılardan ibarətdir. Kimin nə deməyindən asılı olmayaraq mən konfransda mandat komissiyasının sədri olmuşam və bilirəm ki, təsis konfransında hansı sayda müsavatçı iştirak edib. Bizdə artıq təşkilat komitəsi yaranır və onlar bu haqda daha çox məlumatlıdır.

- Uzun illər İsa Qəmbər, Arif Hacılı, Gülağa Aslanlı və Osman Kazımovla silahdaş olmusunuz. Bəs indi münasibətləriniz necədir?
- Şəxsən onların heç biri ilə salam-sağ olum yoxdur. İndiyə qədər heç görüşməmişik də. Münasibətlər nə yaxındır, nə də uzaq. İndiyə qədər də onlarla rastlaşmamışam. Ancaq nəzərə alın ki, münasibət olsaydı, bir yerdə olardıq, söhbət edərdik. Mövqe baxımından mən Müsavatdan uzaqlaşmışam və onlarla təmasda deyiləm.

- Arif Hacılı konkret ad çəkməsə də, deyib ki, siz müxalifətə müxalifətçilik edirsiniz.
- Müsavatın son iki ildə apardığı siyasətə baxmaq, onu təhlil etmək lazımdır. Müsavat İctimai Palatadan çıxdı, sonra Milli Şuranı tərk etdi. Buna nə ehtiyac var idi? Artıq iki ildir ki, Müsavat konstruktiv müxalifət mövqeyindədir. Hesab edirəm ki, bu fikirlərim kifayət qədər düşündürücüdür. Daha yaxşı olardı ki, bizim haqqımızda nəsə deməzdən əvvəl, son iki illik kurslarına baxsınlar. Əlbəttə, bu kurs parlament seçkilərinə hesablanıb.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh