Gətirdi savaş Saranı… – Azərbaycana sığınan ərəb qadının həyat hekayəti
Medeniyyet
Oxunub: 626
2 iy 2019 | 16:45
Gətirdi savaş Saranı… – Azərbaycana sığınan ərəb qadının həyat hekayəti














“Rəqiblərimiz də ərəblər idilər. Qonşu restoranların kirayəçiləri, sahibkarlar… Müştərilərimiz çoxaldıqca, bizdən rəsmi qurumlara şikayət edirdilər”

Savaşın dəhşəti yalnız torpaq itkisi yox, həm də o torpaqda yaşayan insanların keçmişlərini, gələcəklərini itirmələri, bütün ömürlərini bir zamanlar yurdlarındakı xoş günlərin həsrəti ilə keçirmələridir. Bu həsrəti Qarabağ savaşına görə məcburi köç edənlərin gözündə çox görmüşəm. Vətəndə qürbət çəkənlərin nisgilini sözə çəkmək çox çətindir…

Qarabağ bizə yaxın savaşdır. Çoxumuzun həyatımızdan keçib, keçir… Bir də bizə yaxın olmayan savaşlar var. Həyatımızda 5-10 cümləlik xəbər kimi qalan, uçurduğu şəhərlərə təəssüflə baxdığımız, qaçqın, köçkün saldığı insanların həyatına acısaq da, içimizi “doğma savaş” kimi göynətməyən savaşlar. Qəhrəmanım Sara əl-Tamimi belə bir savaşın qurbanıdır.

İraqda – Bəsrədə keçirdiyi günlər haqqında üzündə təbəssüm danışır. 8 yaşına qədər doğma məmləkətində yaşayıb. Səddam dönəmində kasıblıq ailəsini Qətərə aparıb. 10 il Dohada yaşayıblar: Sara deyir ki, Səddam Hüseyn dönəmində İraqda kasıblıq az qala həyat norması idi: “İnsanlar qəpik-quruşa çalışırdılar. Məişət ortaçağ insanlarının məişəti kimi bəsit idi. Mən İranla savaşdan bir neçə il sonra doğulmuşam. Ancaq o savaşın yaraları ailəmizdə indi də qalır. Atam, əmim ön cəbhədə vuruşublar, dəfələrlə yaralanıblar, səhhətlərində indi də savaşın yaraları qalır. Mən uşaq olanda bütün kəm-kəsirə baxmayaraq, biz öz ölkəmizdə idik. Qələbəlik bir ailəmiz vardı. Hər şeyə qərar verən babalarım, onları müzakirəsiz dinləyən xanımları, daha yaxşı övlad olmaq üçün az qala yarışan əmilər, dayılar, onların saysız uşaqları. Hərdən bayramlardakı ailə məclislərimiz yadıma düşür. Bizi süfrədəki yeməkdən çox, o şənlik səsləri, münasibətlərin istiliyi doydururdu. Sıradan bir ərəb ailəsinin həyatını yaşayırdıq. Bu gün sosial durumum, imkanlarım o çağlarla müqayisəyə gəlməz, ancaq nə o istiliyi hiss edə bilirəm, nə o cür sevinə bilirəm. Savaş bütün ailəmizi pərən-pərən salıb – Bakıda bir mənəm, bir qardaşım…”.

Sara danışdıqca üzündəki təbəssümün yerini yavaş-yavaş hüzn alır. Səsi də sanki daha astadan gəlir: “Dohada 10 il yaşadıq. Məktəbi, kolleci, qardaşım da, mən də orada başa vurduq. Qürbətdə mənə hava, su kimi gərək olan ingiliscəni də orda öyrəndim. Artıq 18 yaşına gəlmişdim. Bir gün atam qərar verdi ki, Bəsrəyə dönməliyik. Yenidən yurdumuzu, yuvamızı təzələdik, evimizi səhmana saldıq. Aradan çox keçmədi, yenə savaş başladı, şəhərimizdə, məhəllələrimizdə atəş səsləri eşidildi. Bir gün bu mafiya, başqa gün o biri mafiya əhaliyə hücumlar etdilər. Hər dini qruplaşma ələ keçirdiyi ərazilərə öz qaydalarını gətirdi. Qayda pozmağın bir cəzası vardı – ölüm. Bir neçə dəfə yaşayış yerimizi dəyişdik, qohumlardan, böyük ailmizdən uzaq düşdük. Hamı telefonlardan asılı qalmışdı – kim ölüb, kim qalıb, hansı əmimiz oğlunu qruplaşma qaçırıb, hansı biri terrorçulara qoşulub həyatını məhv edib, bilmirdik…”

Sara deyir ki, atası ailəsi üçün sakit həyat axtarışında İraqın çox əyalətlərini gəzib. Coxarvadlılıq ərəb mədəniyyətinin bir parçasıdır. Dohadan Bəsrəyə qayıdıb özlərinə yeni həyat quranda atası bir də evlənib. İndi atası, ikinci arvadı və oğlu ilə yenə İraqdadır – Kərkükdə yaşayır. Saranın anası böyük qardaşı ilə Kanadada, Sara və kiçik qardaşı isə Bakıdadırlar: “Anam və qardaşlarımla bir müddət Kanadada yaşadım. Ora soyuqdur, öyrəşə bilmədim. Sonra Avropaya gəldim. Çox qarışıqlıq idi. Düşərgələr, müxtlif ölkələrdən gələnlərin gətirdiyi xəstəliklər, dava-dalaş.. Rahatlıq tapmadım. Atam o aralar Azərbaycana gəlmişdi. Dedi ki, bizə yaxındır, havası gözəl, insanları istiqanlı, ən əsası da sabitliyi möhkəmdir. Beləcə, kiçik qardaşım Hüseyn və mən öncə İraqa döndük, oradan da Bakıya köçdük. Əvvəlcədən də düşünürdüm ki, hansı ölkəyə getsəm, restoran açacam, ərəb mətbəxini daha çox insana tanıdacam. Elə də oldu”.

Paytaxtın tam mərkəzində restoran kirayələyən Sara və Hüseyn müştəri sarıdan əziyyət çəkməyiblər: “Bizim Bakıya gəlişimiz ərəb turistlərin Azərbaycana ilk axını zamanına düşdü. Gələn də ilk mərkəzi görmək istəyir. Mərkəzə gəlib restoranımızın yanından keçməmək mümkün deyildi. Biz ərəblər fərqli mədəniyyətlərə o qədər də açıq deyilik. Əgər xaricdə qarşımıza öz mətbəximizdən və yerli mətbəxdən yeməklər qoyulsa, çoxumuz öz yeməyimizi seçərik. Biz də sizin kimi əti sevirik. Düyünü də həmçinin. Ədviyyatlarımız da oxşardır. Öncə əsas yeməkləri özüm bişirirdim. Sonra yardımçılarımı öyrətdim. Oxşarlıq çox olduğu üçün sizin aşpazlara bizim yeməkləri öyrətmək çətin olmadı. Tezdən bazarlığa Hüseyn gedir. Hərdən özüm də ona qoşuluram. O hələ sizin göy-göyərtini, tərəvəzləri yaxşı tanımır…”

İlk 2 il əl-Təmimilər üçün yaxşı keçib. Sonra ərəb turistləri hədəf müştəri sayan digər restoranlar onlarla rəqabəti az qala savaş müstəvisinə keçiriblər: “Rəqiblərimiz də ərəblər idilər. Qonşu restoranların kirayəçiləri, sahibkarlar… Müştərilərimiz çoxaldıqca, bizdən rəsmi qurumlara şikayət edirdilər. Yoxlamalar, araşdırmalar zamanımızı alırdı. Hər hansı restoranda mətbəxin bir neçə saat işləməməsi hər şeydən öncə nə qədər ərzağın, hazır məhsulun sıradan çıxmasıdır. İşin dayanması personalın qazancına təsir edir, obyektin reputasiyası aşağı düşür, fasilədə nə qədər pul, əsəb itirirsən… Nə qədər yoxlamalar gəldi, araşdırmalar aparıldı, ancaq nə mühasibatlıqla, nə də texniki göstəricilərlə bağlı heç bir pozuntu aşkar olunmadı. Açığı, getdikcə əlim işdən soyuyurdu. Düşünürdüm, bəlkə turizmə keçim? Bu arada həyatımın xoş sürprizi ilə qarşılaşdım – Məlahət xanımla tanış oldum”.

Azərbaycanın iş dünyasının tanınan isimlərindən Məlahət Qurbanova da Sara ilə tanışlığını “taleyin işi” adlandırır: “Deyəsən, mistika elə budur. Aprel ayında Azərbaycan Kərkük Mədəniyyət Mərkəzi yaradıldı və mən qurumun rəhbəri seçildim. Yaxın Şərqdə baş verənlər, İraqın parçalanması, Kərkükün bir dönəm terror yuvasına çevrilməsi sabitliyi inkişafın əsas prinsipi sayan bütün insanlar kimi, məni də hər zaman dərindən kədərləndirib. O torpaqlarda insanların yurdlarından didərgün düşməsi, terrorun qədim mədəniyyətləri məhv etməsi ilə gəncliyimizdə yaşadığımız Qarabağ savaşı arasında istər-istəməz paralellər aparırdım. Yaratdığımız Mədəniyyət Mərkəzi vasitəsilə canbir, qanbir qardaşlarımız türkmənlərlə sıx bağlar qurmaq istəyirdim. Kərkük Türkmən Cəbhəsinin lideri Ərşad Salehi ilə Bakıda bir sıra məsələləri müzakirə də etmişdik. Təbii, bir ölkə, ya da bir toplumla bağlar qurmaq istədikdə, onları daha yaxından tanımaq ehtiyacı hiss edirsən. Belə bir dönəmdə Sara ilə tanış oldum. Azərbaycana bağlılığı, 3 ildə ana dilimizi danışıq səviyyəsində öyrənməsi, dəqiq hədəflərinin olması aramızdakı bağları möhkəmləndirdi. Sara mənə İraqı bir az da yaxından tanıtdı. İndi Kərkükün gündəmini, oradakı insanların qayğısını, sevincini daha yaxşı bilirəm”.

Sara Məlahət xanıma “ana” deyir: “Kərkükdən 2 ay öncə dönmüşəm. Atamı, qardaşımı, qohumlarımı gördüm. Anamı isə bir neçə ildir görmürəm. Gözləyirəm ki, o, bir gün Kanadadan Bakıya gələcək və bizim kimi Azərbaycana vurulacaq, burada qalacaq. İndi anam Məlahət xanımdır. O, məni övladı kimi himayə edir. Hər addımda dəstəyini hiss edirəm. Köhnə məkanımdan yeni iş yerimə köçməyim, özümə daha arxayın şəkildə işə başlamağım onun sayəsindədir. Şərq budur. Bu münasibəti soyuq ölkələrdə görməzsiniz. Şərqdə yerli əhali gəlmələri dışlamır – onlarla ev sahibi-qonaq münasibəti qurur, süfrəsini açır, çətinliyə düşəndə əlindən tutur. Düzdür, mən özümü Bakıda o qədər də özgə saymıram. 3 ildə bura çox öyrəşmişəm, dostlarım var, şəhəri tanıyıram, artıqrəsmi qurumlara sərbəst gedib-gəlirəm. Buna baxmayaraq, Məlahət xanımın dəstəyinə hər zaman ehtiyacım var”.

Söhbətimiz dini görüşlərə, ərəb adətlərinə gəlir. Sara şiədir. Ancaq ailələrində təriqət seçimi gələnək kimi yox, şəxsi seçimlədir: “Bacım sünnidir. O, seçimini edəndə valideynlərimiz ona basqı göstərmədilər. Bütünlükdə isə ərəb dünyasında qadınlara basqı güclüdür. Qadın həyatının bütün dönəmlərində ona yaxın kişilərin qərarlarından asılı yaşayır. Atam azad düşüncəli insandır. Amma bu, bizim azad olmağımız üçün yetərli deyil ki… Yaşadığımız ölkə, şəhər, ailə, məhəllə… hamısı həyatımıza təsir edir. Dohada yaşayanda biz başımızı bağlamırdıq. Anam da, mən də sərbəst gəzirdik. Ancaq İraqa döndükdə məcbur qapandıq. Çünki yaşadığımız ölkənin qayda-qanunu belə idi. Azərbaycanda çox inanclı insanların olduğunu bilirəm. Aşura mərasimini keçirdiyinizdən xəbərim var. Onu da bilirəm ki, Kərbəlaya ziyarətə gedənləriniz çoxdur. Bağdad-Bakı uçağı ilə bir neçə dəfə uçmuşam, hər zaman dolu olur. Biznes sinfinə də, ekonom sinfinə də bileti gərək öncədən alasan”.

Əl-Təmimilər yaxında Bakıdakı ikinci restoranlarını açacaqlar. Sara deyir ki, hədəfi yenə də ərəb turistlərdir. Burada bəzi ərəb ölkələrdən gələn turistlərin sevilmədiyini də bilir: “Azərbaycan müsəlman turistlər üçün rahat ölkədir. Ən azı, burada xristian ölkələrdəki kimi yemək, özəlliklə halal ət problemi yoxdur. Ərəb mətbəxinin istənilən növ yeməyini Bakıda tapmaq mümkündür. Hətta burda ərəb çörəyi də bişirilir. Bunun üçün xüsusi təndirlər quraşdırılıb. Gəzməli-görməli yerləriniz də ərəblərin çoxu üçün maraqlıdır. Rəfiqələrimlə söhbət edəndə onlar 4 qadınla, çoxlu uşaqla səfərə çıxan insanları anlamadıqlarını deyirlər, onların dağınıq və bəzən pintiliyindən narahat olurlar. Turizm məkanlarında uyğunsuz davranışlardan da şikayət edənlərə rast gəlirəm. Azərbaycanın müsbət tərəfi odur ki, əgər kimsə turistin davranışından narazı qalsa, ona aqressivlik göstərmir, ya özü məkandan gedir, ya da yanındakılarla müzakirələrə başlayır. Buna görə, Azərbaycanı doğrudan da fərqi mədəniyyətlərə, fərqli insanlara tolerant yanaşan ölkə saymaq olar”.

Azərbaycan multikultural ölkə olduğu kimi, Sara əl-Tamimi də gerçək bir iş qadınıdır. Bulunduğu ölkənin, maraqlandığı sahənin gerçəklərini öyrənməyə çalışan, hədəflərini buna uyğunlaşdıran. Yaxında turizm şirkəti də açmağı düşünür. Azərbaycanı daha yaxşı təbliğ etmək, ortaq dəyərlərimizi məmləkətindən, ərəb dünyasının digər ölkələrindən gələnlərə daha dərindən çatdırmaq üçün çoxlu ideyaları var. Azərbaycanda ən çox sevdiyi Bakının qədim binalarıdır: “Bu binalar bir ərəb üçün uzaq dünyaya aid tikililərdir. Ancaq Bakıda onlar bizə daha yaxındır. Çünki onları tikən, onlarda yaşayan, çalışan insanlarla bizim ortaq dəyərlərimiz çoxdur. Mən Bakını ən çox buna görə sevirəm… Hərdən fikirləşirəm, nə zamansa yenə İraqda yaşayacammı? Vətənin parçaladığını, gələcəyinin şübhəli olduğunu düşünmək belə qorxuncdur. Savaşın içində olmasam da, o hər gün mənim həyatımdadır. Hər dəfə atama, qardaşıma zəng edəndə onlar telefonu açana qədər, mən o dünyanın qapısını açıram… İraqı nə gözləyir, bilmirəm… Ölkəm üçün hər zaman dua edirəm. İndi Bakı, Azərbaycan mənə ikinci Vətəndir”.

Sara ilə onun səlist ingiliscəsində və zəif Azərbaycan türkcəsindəki söhbətimiz 3 saatdan çox davam elədi. Kədərləndik, güldük, qarşılıqlı suallarla bir-birimizi tanımağa çalışdıq, Saranın öz əlləri ilə hazırladığı ərəb yeməklərindən daddıq.. Üstündən 2 gün keçib, ancaq onun bir kəlməsi beynimdə ilişib qalıb. O söhbət başlayana qədər ağlımın ucundan da keçməzdi ki, mənə Vətənlə qürbətin ən mükəmməl tərifini həyatının baharında ölkəsindən getməyə məcbur olmuş, qitələri, okeanları aşandan sonra Azərbaycanda qərar tutmuş gənc iraqlı xanım deyəcək: “Qürbət elə bir yerdir ki, orada nə qədər rahat olsan da, yuxudan oyananda anidən beynindən “ölkəm hansı tərəfdədir” sualı keçir və sən o tərəfi tapanda oradan istilik gəldiyini hiss edirsən”…

Heç kəs Vətənsiz olmasın…



Aygün Muradxanlı, musavat.com
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi