Tofiq İsmayılovun bacısı "20 Noyabr"ın qapalı sirlərindən danışdı - MÜSAHİBƏ
Gundem
Oxunub: 1 836
20 noy 2014 | 18:55
5 mərtəbəli köhnə binanın beşinci mərtəbəsinə çatıb, 40-cı mənzilin sadə dəmir qapısını döyürəm. Qapını açan 70-80 yaşlı ağsaçlı qadın məni təbəssümlə qarşılayır. Etirazıma rəğmən dərhal mətbəxə gedib çay qoyur. Otaqlar gözlədiyimdən də sadədir. Ara qapıları, yəqin ki, sovet dövründən bəri dəyişməyib. Divarlardakı gözəl mənzərəli tablolar diqqəti cəlb edir. Masaların üstü kitablarla doludur. Azərbaycanın ilk dövlət katibinin bacısının mənzilindəyəm.

29 il öncədən tələbəlik çağlarımdan tanıdığım, neçə illər indiki Slavyan Universitetində prorektor, dekan vəzifələrində çalışmış Elmira xanım xeyli yaşlansa da, simasındakı o gözəl nur yerindədir. Amma bu gün buraya məni həm də onun rəhmətlik qardaşının nuru gətirib. Elə söhbətə də digər 20 Noyabr qurbanları ilə birgə faciəli və müəmmalı ölümündən 23 il ötən Tofiq İsmayılovdan başlayırıq. 78 yaşlı bacı göz yaşı içində qardaşı ilə son görüşünü yada salır.

- 1991-ci il noyabrın 16-da anamızın 40-ı olub. 4 gün sonra isə Tofiq həlak oldu. Tofiqlə "40"dan bir gün sonra, noyabrın 18-də sonuncu dəfə görüşdük. Əlini çiynimə qoyub dedi ki, Elmira, biz yetim qaldıq, indi sən mənim həm anamsan, həm də bacım... Məni evimizədək yola saldı və 19-u axşam onlarda görüşmək üçün vədələşdik. Həmin gün axşam saat 8-dən xeyli əvvəl getdim ki, Tofiqgilin binasında işıq sönüb. 12-ci mərtəbədə olurdular - pilləkənlə qalxmaq çətin məsələ idi. Bir az gözlədim ki, bəlkə Tofiq maşınla gələ, işıq yanmasa, gedək bizə. Ailədə yeganə qız olduğum üçün bir az ərköyün idim. Qardaşımın dalınca deyinə-deyinə evə qayıtdım. Qızım dedi ki, Tofiq dayı zəng eləmişdi ki, vacib dövlət işi olduğundan ananla görüşə bilməyəcəm. Ayın 20-si oldu... Hava çox tutqun idi. Yağış çiləməyə başlayırdı. İnstitutda idim. Adətim üzrə birinci qoşa saat dərsdən sonra, yəni, təxminən saat 10-da Tofiqə zəng edib hal-əhval tutardım. Yenə də zəng etdim. Katibəsi dedi ki, Tofiq müəllim Ağdama gedib. İki əlimi göyə qaldırdım ki, ay Allah, sağ-salamat qayıtsınlar - iki qoç qurban kəsəcəm. Həmin gün bizim fakültədə elmi şura idi. Çox narahat idim. İclasdan sonra rəhmətlik rektor Firudin Hüseynovdan icazə alıb təxminən saat 3-də evə gəldim. Televizorda matəm musiqisi çalınırdı? Prezident Aparatında işləyən rəfiqəmə zəng etdim ki, niyə televiziyada matəm musiqisi çalınır. Cavab verdi ki, əşşi, elə-belə, narahat olma. Axşama yaxın qaynım Nadir zəng vurdu ki, bir bizə gəl. Getdim. Elə mənzilə girən anlarda televizorda diktor Rafiq Hüseynov Qarabağda vertolyotun qəzaya uğramasından danışırdı. Və birinci Tofiqin ad-soyadını çəkdi. Özümdəm getdim...

Tofiqi də digər şəhidlər kimi birbaşa Şəhriyar adına kluba aparmışdılar. Dəhşətli anlar idi. Ayaz Mütəllibov başda olmaqla dövlət adamları gələndə mən onlara yalvardım ki, tabutu açın, görüm ordakı doğrudan da Tofiqdi, yoxsa yox. Açmadılar... Yadımdadır ki, bəzi hökumət üzvləri cənazələri birbaşa avtomobilə qoyub Xiyabana aparmaq istəyirdilər. Ancaq Qadınlar Cəmiyyətindən bir qadın qışqırdı ki, biz bu şəhidləri öz əllərimizlə apararıq. Mən də ona dəstək oldum və on minlərlə insan ta Xiyabanadək cənazələri çiynində daşıdı...

Bir neçə gündən sonra adını xatırlamadığım bir hərbi jurnalistdən soruşdum ki, Tofiqin meyidini gördün - necə idi. O da cavab verdi ki, necə var, elə idi. Amma güllə yaraları var idi. Tofiqin "7"də onu yuxuda gördüm. Soruşdum ki, ay Tofiq, axı necə oldu, sən öldün? Dedi ki, Elmira, mənə iki güllə vurdular: birini sinəmdən, o birini də alnımdan... Maraqlıdır ki, təxminən 1994-cü ildə biz Ağdam tərəfdə əsgərlərə sovqat aparmışdıq. Ordakı podpolkovnik rütbəli hərbçilərdən biri mənə dedi ki, Tofiq müəllimin cəsədi yanmamışdı, ancaq bədənində iki güllə var idi. Soruşdum ki, sinəsində və alnında? O, cavab verdi ki, mən sizə heç nə deyə bilmərəm və çıxıb getdi.

- O zaman prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi olan Tamerlan Qarayevlə də görüşmüsüz...
- Rəhmətlik Elmira Qafarovadan xahiş etdim ki, məni Tamerlan Qarayevlə görüşdürün. Tamerlana dedim ki, sənə çox sualım var. O dedi ki, Elmira xanım, icazə verin, mən hadisə barədə danışım - bəlkə siz suallarınıza cavab taparsız. O danışdı... Birinci sual verdim ki, necə oldu, Tofiqgil vertolyota minib getdi, siz qaldınız? Dedi ki, mənə Tofiq müəllim tapşırıq vermişdi ki, silah-sursat gələsidi, onu qəbul elə. Danışdı ki, biz Ağdamın mədəniyyət evində yığışdıq. Qarakənddə ermənilərin törətdiyi qırğını müzakirə etməyə başladıq. Qarabağın komendantı Jinkin də gəldi. Tofiq müəllim onun yaxasından yapışdı ki, sən komendantsan, burda hər şeyə cavabdehsən, nəyə görə, ermənilərin belə qırğın törətməsinə imkan vermisən. Bir az sonra qəflətən iclas zalına Qarakənddən gəldiyi deyilən qadınlar doluşdu. Onlar çığıra-çığıra hökumət üzvlərinə dedilər ki, siz burda rahat oturmusuz, orada ermənilər bizə hücum edir, qızlarımızın namusuna toxunurlar. Tofiq müəllim bərk həyəcanlandı və yerindən sıçradı ki, biz hadisə yerinə getməliyik. Onun ardınca rəhmətlik İsmət Qayıbov, Vəli Məmmədov və b. da ayağa qalxdı və gedib vertolyota mindilər...

- Başqa kimlərlə görüşdünüz, nələri öyrənə bildiniz?
- Mən özüm çox axtarışlar apardım, çox adamlarla görüşdüm. Vertolyotun vurulmasını görmüş çoban və bir oğlanı da danışdırdım. Onlar dedilər ki, vertoloyot yerə düşəndən az sonra bir ağ "Niva" gəlib orda bir az dayandı və getdi...

Tofiqin "40"ından sonra rəhmətlik Çingiz Mustafayev mənə telefon açıb dedi ki, Elmira xanım, mən indi cəbhə zonasına gedirəm, qayıdım gəlim, sizə 20 Noyabr haqqnda bir neçə məlumat deyəcəm. Təəəsüf ki, Çingiz də Qarabağda həlak oldu və onun mənə nə demək istədiyi bir sirr olaraq qaldı.

Özünü toparlaya bilməyən Elmira xanım hər şeyi detallı, ardıcıl danışa bilmir. Qardaşının uşaqlığı, məktəb illəri haqqında xeyli bəhs edir. Onun qətiyyətli, əsl kişi xarakterinə malik olduğunu söyləyir:

"Tofiq qadına, uşağa qarşı nə qədər həssas idisə, düşmənə qarşı da bir o qədər sərt idi. Anarın onun haqqındakı yazıların birində çox ibrətamiz bir epizod var. SSRİ Ali Sovetində qadın erməni deputatlardan biri Tofiqə yaxınlaşır ki, icazə verərsiz, mən sizdən öncə çıxış edim? Tofiq də deyir ki, buyurun. Erməni arvad deyir ki, mən bilirdim ki, siz centlemensiz. Sonra da tribunadan üzünü Qorbaçova tutaraq deyir ki, xahiş edirəm, Tofiq İsmayılova söz verməyin. Onun kəskin sözündən qorxurdular. Özü də yalnız ermənilər yox, Bakıda da onun açıq danışmağını, ağa ağ, qaraya qara deməyini hakimiyyət kürsüsündən ötrü hər şeyə hazır olanlar sevmirdilər....

Bu dəm gözüm önünə Tofiq müəllimin 20 Yanvar hadisələrindən sonra Moskvada Qorbaçovun üzünə "qatil" dediyi epizod gəlir. Elmira xanımdan bu barədə danışmasını xahiş edirəm.

"Tofiq Ali Sovetin sessiyalarında iştirak etmək üçün Moskvada olanda orada oxuyan oğlu Heydərlə oteldə qalardılar. Heydər danışır ki, Qarabağ məsələsinin müzakirə olunacağı həmin məşhur sessiyadan öncə Qorbaçovun köməkçisi zəng çaldı ki, Tofiq müəllim lazımdır. Atam otaqda yox idi. Tofiq gələndə Qorbaçov onunla danışıb. Heydər deyir, bibi, bircə onu eşidirdim ki, atam tez-tez "yox-yox" deyirdi. Sonuncu cümləsi də belə oldu: "Mən öz xalqımı vəzifəyə satmıram". Sonradan məlum olub ki, Qorbaçov ona təklif edirmiş ki, SSRİ-nin harasında istəyirsən, sənə vəzifə verim, ancaq sessiyada ermənilərin əleyhinə çıxış eləmə. Buna rəğmən Tofiq həmin sessiyada çıxış edib və Qorbaçovu cəllad adlandırmışdı. Təəssüf ki, Tofiqin Bakıdakı, Moskvadakı belə kəskin çıxışlarının lentləri indi sanki kimlər tərəfindənsə gizlədilir, göstərilmir...

- Tofiq müəllim Moskvada olarkən Heydər Əliyevlə görüşürmüşmü, görəsən?

- Bu haqda dəqiq məlumatım yoxdur. Ancaq Heydər Əliyevin bizim ailəyə münasibəti çox yaxşı olub. O, atamı öz gəncliyindən Naxçıvanda işləyərkən tanıyıb. Sovet dövründə o biri qardaşım Telman evsiz qalmışdı. Heydər Əliyev onu qəbul etdi. 3 saat ərzində ona mənzil verdilər. Tofiqlə də münasibətləri yaxşı olub. Həmişə də deyərdi ki, Kazımın oğlu məhz Tofiq kimi olar. Tofiq də Heydər Əliyevin adını hörmətlə çəkərdi...

- Elmira xanım, o dövrdə Moskvanın Azərbaycandakı canişini MK-nın II katibi olmuş Polyaniçko idi. 1991-ci il noyabrın 19-da axşam saat 19:05-də Ağdama gedərək oradan Xankəndinə yollanıb Təhlükəsizlik Şurasının iclasında iştirak etməli olan şəxslərin arasında Polyaniçko da var idi. Sonradan saat 23-də Moskvanın təkidli xahişi ilə siyahıya Tofiq İsmayılov və Məhəmməd Əsədovun adı daxil edilib və Polyaniçkonun adı çıxarılıb... Bu fakt onun bu terror aktından xəbəri olması barədə şübhə yaratmır ki?
- O barədə dəqiq informasiyam olmayıb. Amma Polyaniçko Tofiqlə bir binada yaşayırdı. Münasibətləri normal idi. İnanmıram ki, Polyaniçkonun burda əli olsun... Mən şübhələnirəm ki, bu qətliam öz əlimizlə olub. Ola bilsin ki, məni də vurub öldürərlər. Amma mən yenə də deyirəm: "Özümüz özümüzü vurmuşuq". Sizə maraqlı bir fakt söyləyim. 1993-cü ilin sentyabrında Helsinki Vətəndaş Assambleyasının xətti ilə erməni analar bizi görüşə dəvət etmişdi. Cəbhə xəttində görüşəndə oradakı erməni qadınlardan biri ad-soyadımı eşidən kimi dedi ki, siz Tofiq Kazımoviçin bacısısız? Dedim, bəli. Dedi ki, bizdə Tofiq İsmayılov kimi adam olsaydı, biz onu ovcumuzun içində saxlayardıq. Siz isə öz adamlarınızı öz əlinizlə məhv etdiniz. Mən ona sərt cavab verdim. Dedim ki, sizin belə deməyə haqqınız yoxdur, o vertolyotu ermənilər vurub. Sonra biz qayıdanda bizi atəşə də tutdular.

- Yadımdadı ki, faciədən az sonra hakimiyyətə müxalif müəyyən qruplar tərəfindən bu terrorda Ayaz Mütəllibovun əli olması barədə də müəyyən təbliğat aparılırdı...
- Mütəllibovun bu işdə əli olduğuna inanmıram. Çünki Tofiqin cümə axşamına gələndə ona sual verdim ki, siz necə icazə verdiniz ki, əsas komandanız hamısı birdən getdi Qarabağa? O cavab verdi ki, mən Moskvadan gələndə gecə saat 2-də Tofiq məni aeroportda qarşıladı. Ona dedim ki, sən sabah Qarabağa getmə, burda vacib işlərimiz var. Ancaq təəssüf ki, Tofiq qulaq asmadı. Tofiq başda olmaqla o oğullarımızın həlak olması ilə mənim sağ qolum da, sol qolum da kəsildi. Bunu Mütəllibov dedi. Mən ötənilki ildönümdə Xiyabanda Ayaz müəllimi gördüm, o, mənim əlimdən öpüb dedi ki, mən sizin kimi ana-bacılarımızla fəxr edirəm. O, Tofiqin ad günündə də gəlmişdi qəbirüstə...

İsmət Qayıbovun oğlu İsmayıl bu "müharibəni" aparır. Bizə heç kəs heç nə demir. Cinayət işi bağlıdır. Bəs kimdir müqəssir? Kim bizim suallarımıza cavab verəcək? Niyə onlara şəhid adı verilmir? Niyə xarici dövlət, təşkilat nümayəndələri bura gələndə terrora məruz qalmış dövlət xadimləri kimi onların məzarlarını ziyarət etdirmirlər? Onlar axı Azərbaycan yolunda həlak olublar...

Atam da Fəxri Xiyabanda dəfn edilib. Anamı da, həyat yoldaşımı da itirmişəm. Məzarlığa hiss edirəm ki, onlar ordadı. Ancaq Tofiqin məzarda olmasını hiss etmirəm. Gedirəm, ağlayıram, amma rahat ola bilmirəm. Bilmirəm, orada mənim qardaşımdı, yoxsa başqa bir bacının qardaşıdı. Onu yuxuda görəndə həmişə boz kostyumunda görürəm. Yazığın elə bir dəst kostyumu var idi. Görürəm ki, oturub və elə məyus-məyus mənə baxır və heç nə demir. Sonuncu dəfə neçə il öncə Tofiqi yuxuda görəndə dedi ki, qızım Səbinədən narahatam. Ondan sonra bir daha yuxuma gəlmədi... Mən "Tofiq İsmayılovun bacısı" adını qürurla daşıyıram. Amma heç kəsə demirəm ki, mən Tofiqin bacısıyam. Tofiqi tanıyanlar, televiziyada, mətbuat səhifələrində görənlər çox zaman məni sifətdən tanıyır. Çünki biz bir-birimizə çox oxşayırdıq. Bir dəfə avtobusda gedirdim. Bir qadın mənə yaxınlaşdı ki, siz Tofiq İsmayılovun bacısı deyilsiz? Məlum oldu ki, bu qadın Tofiq Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri olarkən orada süpürgəçi işləyib. Deyir, bir gün qızım bərk xəstələnmişdi, dərman almağa pulum olmadığından dəhlizdə dayanıb ağlayırdım. Birdən Tofiq müəllim kabinetindın çıxıb məni gördü və ağlamağımın səbəbini biləndən sonra qızıma lazım olan dərmanın adını soruşdu. Az sonra dərmanı da aldırdı və mənə əlavə pul da verdi ki, uşağa mer-meyvə al. Bax, belə insan idi Tofiq... Kasıb insanlar Tofiq üçün daha çox ağlayır. Dostlarından yalnız akademik Arif Mehdiyev arayıb-axtarır məni, ailəsini. Çox yaxşı insandır...

Elmira xanımdan ayrılarkən Tofiq İsmayılov təki qardaşı belə faciəli şəkildə itirmiş bacı kimi həyatda nədən təsəlli aldığını soruşdum. Yenə də doluxsunub belə dedi: "Bilmirəm, nə bilim... Kaş hər şey Tofiq kimi insanların arzuladığı tək olaydı..."
Tofiq İsmayılovun bacısı "20 Noyabr"ın qapalı sirlərindən danışdı - MÜSAHİBƏ
Tofiq İsmayılovun bacısı "20 Noyabr"ın qapalı sirlərindən danışdı - MÜSAHİBƏ
Sultan Laçın
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi